Close

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələr birləşdirilə bilər

Məlum olduğu kimi, artıq bir ildən çoxdur, AMEA-nın bir qrup elmi müəssisə və təşkilatı Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Ötən müddətdə nazirlik tərəfindən həmin elmi müəssisə və təşkilatlarla bağlı hansı işlər həyata keçirilib?

Mövzu ilə bağlı TNS-in suallarına Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən cavab verilib.

Məqalələri nüfuzlu jurnallarda dərc edilən alimlər mükafatlandırılacaq...

Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə xarici universitetlərin professor-müəllim heyətinin nazirliyin tabeliyinə verilən elmi müəssisələrin alim və tədqiqatçıları ilə görüşləri təşkil edilib. Nəticədə birgə layihələr, professor-müəllim heyətinin mübadilə proqramları, elmi seminarların təşkili və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi, elmi fəaliyyətin səmərəsinin yüksəldilməsi, müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulan islahatlar sırasındadır. Bu çərçivədə elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyənləşdirilib. Bu səpkidə pilot layihə kimi Bakı Dövlət Universiteti (BDU) və 5 elmi-tədqiqat institutu arasında birgə fəaliyyətə dair anlaşma memorandumunun imzalanması nümunə olaraq göstərilə bilər. Bununla yanaşı, məqalələrinin nüfuzlu jurnallarda dərc edilməsinə görə alimlərin mükafatlandırılması mexanizminin hazırlanması üzərində işlər aparılır.

İnstitutların fəaliyyətinin tənzimlənməsi, oxşar profilli institutların birləşdirilməsi kimi məsələlər nəzərdə tutulurmu?

Bu suala cavab olaraq bildirilib ki, hazırda elmi-tədqiqat institutlarının fəaliyyət istiqamətləri, təşkilati-strukturu, mövcud potensialı təhlil edilir və bunların əsasında müvafiq təkliflər hazırlanır. Bu istiqamətdə inkişaf etmiş ölkələrdə tətbiq olunan modellərin, müasir yanaşmaların tətbiq olunması və elmin inkişafı istiqamətində aparılan islahatların daha uğurla həyata keçirilməsi məqsədilə çevik maliyyələşmə mexanizmlərinin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulub.

İnstitutların alim və professor heyətinin ali məktəblərdə tədrisə daha çox cəlb olunması, tələbələrin institutlarda əyani təcrübə keçməsi ilə bağlı hər hansı işlər aparılırmı?

Qeyd olunub ki, əvvəlki illərə nisbətən, ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunan alim və mütəxəssislərin, eyni zamanda əyani təcrübə prosesinə qoşulan tələbələrin sayında intensivləşmə müşahidə olunur. Magistratura pilləsində, xüsusilə SABAH qruplarında müxtəlif ixtisaslar üzrə təhsil alan magistrantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təyini və bu tədqiqat işlərinin institutlarda həyata keçirilməsi uğurla təşkil olunur. Keyfiyyətli ali təhsilə nail olmaq üçün elmi-tədqiqat müəssisələri ilə ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, bu müəssisələrin fəaliyyətlərinin üzvi vəhdətinin həyata keçirilməsi qarşıda duran məqsədlərdəndir. Bu da ali təhsil və elmi-tədqiqat müəssisələrinin birgə inkişafına təkan verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il iyulun 22-də imzaladığı Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının aşağıdakı elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:

1.1. Fizika İnstitutu;

1.2. Riyaziyyat və Mexanika İnstitutu;

1.3. İdarəetmə Sistemləri İnstitutu;

1.4. Radiasiya Problemləri İnstitutu;

1.5. İnformasiya Texnologiyaları İnstitutu;

1.6. Biofizika İnstitutu

1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.11. Polimer Materialları İnstitutu;

1.12. Geologiya və Geofizika İnstitutu;

1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.14. Təbiət Tarixi Muzeyi;

1.15. Neft və Qaz İnstitutu;

1.16. Botanika İnstitutu;

1.17. Zoologiya İnstitutu;

1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.19. Mikrobiologiya İnstitutu;

1.20. Dendrologiya İnstitutu;

1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.22. Genetik Ehtiyatlar İnstitutu;

1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.24. İqtisadiyyat İnstitutu.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:

2.1. Təbii Ehtiyatlar İnstitutu;

2.2. Bioresurslar İnstitutu;

2.3. Batabat Astrofizika Rəsədxanası.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:

3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;

3.2. Bioresurslar İnstitutu;

3.3. Aqrar Problemlər İnstitutu;

3.4. Nəbatat Bağı.

4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:

4.1. Təcrübə-Sənaye Zavodu;

4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;

4.3. “Nafta” Elmi İstehsalat Birliyi;

4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;

4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.

5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.

 Aygün İbrahimli