Azərbaycanda bitən bu bitki min bir dərdin dərmanıdır

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində becərilən Ruta graveolens L. növü üzərində tədqiqatlar aparılıb.
İnstitutdan TNS-ə verilən məlumata görə, Azərbaycanın zəngin və rəngarəng bitki örtüyündə 800-ə qədər efir yağlı bitki formalaşıb. Efir yağları əsasən, tibbdə, aromaterapiyada, parfumeriyada, kosmetologiyada, qida sənayesində geniş istifadə olunur.
Tünd spesifik iyə malik olan Ruta graveolens L.- ətirli sədo növü efir yağlı bitkilər arasında özünəməxsus yer tutur. Bitkinin yerüstü hissəsində 0,5% - dən 1% - ə qədər efir yağı var. Bundan başqa tərkibində rutin, aşı maddələri, qatanlar, furokumarinlər və s. müəyyən edilib. Efir yağının tərkibində Valerian və sirkə turşularının efirlərə, sineol, limonen və başqa terpenlər var. Alınan efir yağı açıq rəngli olur. Bitki zəhərli olduğu üçün toplayarkən ehtiyyatlı olmaq lazımdır. Xalq təbabətində bitkinin yerüstü çiçəkli hissələrini toplayıb qurudulur və çay dəmləyib mədə xəstəliklərində, sinir sistemini sakitləşdirici, ürək döyüntülərində, qan damarları xəstəliklərində kimi geniş istifadə olunur. Ruta graveolens L. - ətirli sədo bitkisinin yerüstü hissəsi və ondan alınan ətirli efir yağı ətriyyat da, kosmetika məmulatlarının hazırlanmasında, əczaçılıq sənayesində, konyak istehsalında istifadə olunur.
Araşdırmalar nəticəsində məlum olub ki, Abşeron şəraitinə uyğunlaşmış Ruta graveolens L. - ətirli sədo növündən alınan efir yağlarının sənayedə geniş istifadəsi məqsədəuyğundur.