Close

Nazir: “Xəzər dənizinin səviyyəsi 1,14 metr enib”

“Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə malik olan zəngin təbii sərvətləri var. Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır”.

TNS xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

Nazir bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.

“Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur. Dəniz səviyyəsi son 5 il ərzində 69, son 10 ildə isə 114 santimetr enib.

Məlum olduğu kimi, 2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Zirvə toplantısı zamanı Xəzəryanı ölkələrin dövlət başçıları bu çağırışdan narahat olduqlarını bildiriblər. Toplantıda bu problemin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan tərəfi həmin problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sevindirici haldır ki, Xəzəryanı ölkələr də həmin təşəbbüsə qoşulublar.

Ekspert qrupunun əsas məqsədi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərin tədqiqi, bu mühüm su hövzəsinin davamlı idarə olunması üçün tövsiyələrin formalaşdırılmasıdır", - deyə M.Babayev qeyd edib.