"Azərbaycanda heç zaman insanlar arasında millət, din, əqidə bölgüsü aparılmayıb"

Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi “Bakıxanov qəsəbəsində yaşayan imkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə dəstək» mövzusunda Dəyirmi Masa keçirib.
TNS xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirilən layihənin əsas məqsədi Bakıxanov qəsəbəsində yaşayan yaşlı, köməyə ehtiyacı olan şəxslərə ehtiyac duyulan dəstəyin verilməsidir.
Layihə rəhbəri Kübra Babayeva bildirib ki, xeyriyyəçilik, yaşlı, yardıma ehtiyacı olan şəxslərin icma tərəfindən dəstəklənməsi milli xüsusiyyətimiz olmaqla yanaşı vətəndaş cəmiyyənin prioritetlərindəndir: “Biz hər zaman bu məsələni diqqətdə saxlamağa çalışmışıq. Layihə çərçivəsində yaşlı vətəndaşlarımıza məişət problemlərinin həllindən başlayaraq hüquqi yardıma, tibb xidməti alınmasına qədər bir çox yardımlar edilib. Bakıxanov qəsəbəsində yaşayanların etnik tərkibi hər zaman zəngin olub. Amma zamanın təlatümləri ilə köçlər yaşanır, ərazidən həm gedənlər, həm gələnlər olub. Elə ailələr var, övladları əmək miqrantı kimi ölkədən gedib, sonra qayıtmaq imkanı olmayıb. Bu səbəbdən Bakıxanovda xeyli sayda müxtəlif millətlərə mənsub yaşlı, tənha insanlar var. Azərbaycanda heç zaman insanlar arasında millət, din, əqidə bölgüsü aparılmayıb. Yardıma ehtiyacı olanlara yardım edilib və bu ənənələrin yaşaması son dərəcə vacib hesab olunub”.
Tədbirə 20-dən çox yaşlı, əlil, tənha insan qatılıb. Belə bir diqqətdən məmnuniyyətlərini ifadə edən yaşlı insanlar bildiriblər ki, fiziki imkanlarının məhdudluğundan məişətdə ən sadə problemlərini həll etməkdə çətinlik çəkirlər. Pensiya kartlarının dəyişməsindən, kommunal xərclərin ödənməsinə, pensiyaların alınmasına, mənzillərinin təmizliyinə, tibbi sığortadan istifadəyə qədər bir çox məsələlərdə yardıma ehtiyacları var. Ona görədə bu layihələr onlar üçün həyat əhəmiyyətlidir.
Məsələnin mənəvi tərəfi Dəyirmi Masanın əsas mövzularından olub. Layihəyə cəlb edilənlər qeyd ediblər ki, hər yaşlı insan kimi onların da diqqətə, qayğıya, yad edilməyə ehtiyacları var. Bu səbəbdən layihənin mənəvi tərəfini maddi tərəfindən qat-qat yüksək qiymətləndirən Dəyirmi Masa iştirakçıları belə tədbirlərin gənclərin tərbiyəsində də mühüm rol oynadığını vurğulayıblar.
Sonda tədbirə qatılanlara ərzaq bağlaması hədiyə edilib.