Ekspertlər nazirin ali təhsillə bağlı təklifinə belə reaksiya verdi

"Qanunvericiliyə əsasən, ölkədə ali təhsilin 3 səviyyəsi mövcuddur: bakalavriat, magistratura və doktorantura. Bakalavr təhsilinin müddəti 4, ikili ixtisaslarda isə 5 ildir. Bu müddəti 3 ilə endirmək üçün əvvəlcə qanunvericilikdə dəyişikliklər edilməlidir".
Bunu TNS-ə təhsil üzrə ekspert Elşən Qafarov deyib.
O bildirib ki, dünya təcrübəsində bu məsələ başqa cür tənzimlənir: “Beynəlxalq təcrübədə ali təhsilin 4 səviyyəsi var: subbakalavr, bakalavr, magistratura və doktorantura. Tələbə 2 il oxuduqdan sonra 2 il də bakalavr təhsili alır. Əgər tələbə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirsə, əlavə 2 il də magistratura təhsili almalı olur. Amma Azərbaycanda bakalavriat 4 il olduğu üçün vəziyyət fərqlidir. Ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan 3 illik ali təhsil müddəti üçün öncə kolleclər ləğv olunmalı, ali təhsil müəssisələrinə birləşdirilməlidir”.
Təhsil eksperti İlqar Orucov nazirin fikirlərini dəstəklədiyini bildirib. O qeyd edib ki, müəyyən ali təhsil müəssisələrində bəzi ixtisaslarda təhsil müddətinin azaldılmasına ehtiyac var: “Nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları ixtisasları ilə bağlı inkişaf daha sürətlidir. Düşünürəm ki, belə ixtisaslarda tələbənin 4 il zamanını almağa və onu əlavə dərslərlə yormağa ehtiyac yoxdur. Bu gün tələbənin aldığı bilik gələcəkdə tələblərə uyğun olmayacaqsa, onun təhsil almasına heç bir ehtiyac qalmır. Eyni zamanda fənlərin tədrisində təhsil alanlara gələcəkdə mütləq lazım olan istiqamətdə dərslərin keçirilməsi aktual olmalıdır. Nümunə olaraq qeyd etmək istəyirəm ki, bir çox ölkələrdə informasiya texnologiyaları üzrə ali təhsilə ehtiyac yoxdur. İstənilən şəxs fərdi olaraq bu sahə üzrə müəyyən kurslar keçməklə əmək bazarında özünə iş tapa bilir. Buna görə əlavə bir ilin itirilməsini və lazım olmayan fənlərin tədrisinin ləğvini düzgün hesab edirəm. Ümumiyyətlə, tədris ilinin bütövlükdə optimallaşdırılmasının tərəfdarıyam".
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı TNS-ə bildirib ki, ali təhsil müddətinin 3 ilə endirilməsi bütün ixtisasları əhatə etmir: ”Bu, yalnız müəyyən ixtisaslar üçün daha uyğundur. Dünya təcrübəsində, Yaponiya, Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının bəzi yerlərində 2-3 il ərzində kadr hazırlığı həyata keçirilir. Turizm və informasiya texnologiyalarından əlavə qeyri-pedaqoji ixtisaslarda da bu müddəti tətbiq etmək olar. Amma bununla belə kadr hazırlığı ilə bağlı gələcəkdə onların iş imkanlarını da nəzərə almaq vacibdir. Əks təqdirdə bu, işsizlərin sayının artmasına səbəb ola bilər".
Qeyd edək ki, elm və təhsil naziri bakalavriat mərhələsinin 3 ilə endirilə biləcəyini deyib.
Bünyamin Bünyadzadə