Aztəminatlı ailələrə məktəbli forması ilə bağlı yardım ediləcək? – Nazirin açıqlamasına BTE-dən REAKSİYA

“Fəaliyyət göstərdiyimiz Nəsimi rayonu ərazisində rayon İcra Hakimiyyətinin siyahısına əsasən, qazi və şəhid ailələrinin şagirdlərinə geyim yardımı etmişik”.
Bunu "Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov TNS-in sorğusuna cavabında deyib.
O bildirib ki, təxminən 160 şagird üçün məktəbli geyim forması aidiyyəti üzrə ailələrə göndərilib: “Müraciət edən müxtəlif ictimai birlikləri və cəmiyyətləri geyimlərlə təmin edirik. Biz müstəqil fəaliyyət göstərdiyimiz üçün sosial təminatı zəif olan bütün ailələrə də yardım göstərmək iqtidarında deyilik. Amma bacardığımız qədər rəsmi müraciətlər əsasında yardım dəstəyimizi göstəririk”.
Şöbə müdirinin sözlərinə görə, mətbuatda guya məktəb direktorlarının "Bakı Tikiş Evi"nə müraciət edəcəyinə dair məlumatlar yayılıb: “Guya nəticədə pulsuz məktəbli geyimləri paylanılacaq. Amma deyilənlər reallığı əks etdirmir".
O deyib ki, hələlik heç bir məktəb rəhbərliyindən belə bir müraciət almayıblar: “Çünki bu məsələ dövlətə aiddir. Həmçinin bizim də gücümüz bütün imkansız ailələrə yardım üçün yetərli deyil. Bilirsiniz ki, Bakıda sosial vəziyyəti aşağı olan kifayət qədər ailə var. Bunların içərisində də şəhid ailələri, əlillər və digər həssas kateqoriyadan olan ailələr az deyil. Biz öz imkanlarımız hesabına mümkün qədər maddi vəziyyəti çətin olan ailələrə dəstək oluruq".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev sosial durumu aşağı olan ailələrin forma üçün məktəblərin rəhbərliyinə müraciət edə biləcəyini demişdi. Əlavə etmişdi ki, direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə dəstək olar.
Bünyamin Bünyadzadə