Özbaşına tikintiyə görə mülkiyyət hüququ verilmir - İcazəsiz tikililər hansı halda sökülə bilər?

"Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, üzərində tikinti aparılan torpağın hansı təyinat üzrə olması önəmlidir. Planlama zamanı həmin torpaqların kateqoriyası müəyyənləşdirilir”.
Bunu TNS-ə əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqda heç bir tikinti işi aparmaq olmaz. Bu torpaqlarda yalnız kənd təsərrüfatına dair fəaliyyətə izacə verilir. Vətəndaş hər hansı bir tikinti aparmaq istəyirsə, əvvəlcə onun mülkiyyət sənədləri olmalıdır.
Elnur Azadovun sözlərinə görə, çıxarışda yaşayış təyinatlı torpaq yazılıbsa, təbii ki, bu halda vətəndaş müvafiq lisenziyası olan layihə - smeta bürosu təşkilatlarına müraciət edərək, hündürlüyü 12 metrə qədər layihəni hazırlatdırmalıdır: “Daha sonra eskiz layihəni Şəhərsalma və Arxitektura Komitəsi, icra strukturları ilə razılaşdırılmalıdır. Rəy alındıqdan sonra növbəti mərhələdə tikinti işlərinin aparılması mümkündür. Bina inşa olunandan sonra vətəndaş həmin sənədlərlə birlikdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməlidir. Bununla inşa olunan tikiliyə mülkiyyət hüquqları əldə edər”.
Ekspert əlavə edib ki, qanunsuz inşa edilmiş tikililərin sökülməsi ilə bağlı yerli icra strukturlarının sərəncamı, komissiya qərarı olmalıdır.
“Həmin tikili təcili sökülməlidirsə, o zaman müvafiq sərəncamla tikili qısa müddətdə sökülə bilər. Yaxud Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşəbbüsü və vətəndaşların məhkəməyə müraciəti ilə məhkəmə qərarına əsasən, qanunsuz tikilinin sökülməsi mümkündür", - deyə ekspert əlavə edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətindən TNS-ə bildirilib ki, qanunvericiliklə aidiyyəti quruma müraciət edilmədən (və ya məlumat verilmədən), tikintiyə əsas verən müvafiq sənədlər əldə edilmədən aparılan işlər özbaşına tikinti sayılır. Qanunsuz tikililərin söküntüsünü isə aidiyyəti qurumlar həyata keçirir.
“Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu, digər daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikintiyə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı icazə verməlidir”, - komitədən bildirilib.
Qeyd olunub ki, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir:
"Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
- torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- tikinti layihəsi;
- sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi".
Bildirilib ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər: “Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış, tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda. Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər”.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən isə TNS-ə bildiriblər ki, qanunsuz tikintilərin sökülməsi səlahiyyəti Dövlət Xidmətinə aid deyil: “Bu kimi məsələlərə müvafiq dövlət qurumları nəzarət edir. Müəyyən mübahisəli məsələlərdə Dövlət Xidmətinin əməkdaşları da iştirak edir. Bu proses isə qanunsuz şəkildə tikilən binaların sökülməsi zamanı olur. Çünki Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, torpaqların təyinatına nəzarət edir. Bundan başqa, belə məsələlərdə bir sıra dövlət qurumları da iştirak edə bilər. Misal üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, su hövzələrinə nəzarət edən qurumların nümayəndələri ərazidən asılı olaraq qanunsuz inşa edilmiş tikililərin sökülməsi prosesində iştirakçı olurlar".
Bünyamin Bünyadzadə