Depressiyadan necə xilas olaq? - Tanınmış psixoloq bunun yollarını açıqlayır

İnsanlar arasında belə bir deyim var. Kimin əhvalı aşağıdırsa, “sən depressiyadasan” deyirlər. Halbuki, bir və ya iki əlamətlə tam olaraq depressiya diaqnozu qoymaq doğru deyil.
Depressiya həyəcan, aqressiya, halsızlıq, yuxunun pozulması, əhvalın olmaması, bütün gün yatmaq istəyi, zövq obyektlərinin olmaması, lazımsızlıq hissi və s. ilə müşahidə olunan psixoloji pozuntudur. Bu, bəzən gizli formada özünü göstərir. İnsan bütün hadisələri gülməklə qarşılayır və ya duyarsızlaşır. Bu, depressiyanın ən təhlükəli forması olan maskalanmış depressiyadır. Belə halda insan öz hislərini basdıraraq, acısını göstərə bilmir. Yəni, depressiya hər zaman ağlamaqla, həyat enerjisinin aşağı olmasıyla, halsızlıq və s. hallarla müşahidə olunmur. O, həmçinin bəzi hisləri gizlətməklə, insanın daxildə iztirab çəkməsi ilə də baş verir.
Depressiyaya uşaqlarda, yeniyetmələrdə də, yetişkin insanlarda da rast gəlinir. Depressiv insanlar adətən gördükləri işdən, məşğul olduqları fəaliyyətdən zövq almazlar. Ümidsizlik, çarəsizlik hisləri o qədər dərin olur ki, bəzən düşdükləri bu vəziyyətdən heç bir şəkildə qurtula bilməyəcəklərini belə düşünürlər. Belə insanların enerji səviyyələri azalar, onlarda iştahasızlıq kimi narahatlıqlar özünü göstərir. Depressiya hallarının yalnız 15%-i intiharla nəticələnir. Bütün intiharların 70%-i isə depressiya ilə əlaqəlidir. Genetik səbəblər, psixososial çətinliklər, məcbur edilmələr və s. depressiyanın yaranmasında faktor ola bilər. Depressiyanın iki əsas müalicə metodu var: dərman müalicəsi və psixoterapiya. Digər psixoloji pozuntular kimi depressiyanın da bir neçə növü var.
Major depressiv pozuntu
Major depressiya insanların normal fəaliyyətini əngəlləyə bilir. Klinik depressiyanın bir epizodu şəxsin həyatında sadəcə bir dəfə baş verir. Və əksər hallarda şəxsin bütün həyatı boyunca təkrarlanır. Əlamətlər demək olar ki, hər gün özünü göstərir.
Xroniki depressiya və ya distimiya
Xroniki depressiya və ya distimiya iki il və daha çox depressiv əhval-ruhiyyə ilə xarakterizə edilir. Xroniki depressiya major depressiyadan daha az şiddətlidir və tipik olaraq şəxsi məhdudlaşdırmır.
Atipik depressiya
Bu depressiya hədsiz çox qidalanma, hədsiz çox yuxu yatmaq, rədd edilməyə qarşı həssaslıq, hadisələrə qarşı əhval-ruhiyyənin azalması və artması ilə müşahidə olunur. Sadə depressiyada isə geniş yayılmış kədər diqqəti çəkir.
Bipolyar depressiya və ya manik depressiya
Bipolyar pozuntu bəzən manik depressiya olaraq xatırlanılır. Dəyişən qarışıq bir əhval-ruhiyyə pozuntusudur.
Mövsümi depressiya
Mövsümi depressiya, əksərən mövsümi affektiv pozuntu olaraq da adlandırılır, hər il eyni zamanda yaranır. Çox zaman payız və ya qış zamanı başlayır, yaz və ya yay aylarında bitir. “Qış sıxıntısı” və ya “qapalı yerdə qalma sıxıntısı”ndan daha çox şey ifadə edir. Bunun nadir formasına da “Yay depressiyası” deyilir. Baharın sonu, yay əvvəlində başlayır və payızda bitir.
Psixotik depressiya
Psixotik depressiyada psixozun sayıqlama düşüncələri olur. İnsanlar psixotik depressiyaya düşdükdə gerçəklikdən qopurlar. Xəstələr halusiyasiyalar və deluziyalar təcrübə etməyə başlayır.
Postpartum (doğuş sonrasi) depressiya
Yeni ana olanların 75%i “körpə melanxoliyası” yaşayır. Lakin 10 anadan birində postpartum depressiya adı verilən daha ciddi bir vəziyyət yaranır.
Depressiyanın təbii yolla müalicəsi
Belə bir deyim var, insan daxili aləmini dəyişmək istəyirsə, ilk növbədə, xarici görkəmindən başlamalıdır.
Depressiyadan qurtulmaq üçün kitab oxumaq, soyuq duş qəbul etmək, gündə ən azı 1 km. piyada gəzmək, yuxu və qidalanmaya önəm vermək, idmanla məşğul olmaq, xoş xatirələri yada salmaq, dəniz duzundan vanna qəbul etmək lazımdır. Bunlar əhval ruhiyyəni yaxşılaşdırır. Təbiəti seyr edərək çay içmək, at çapmaq, musiqi alətində ifa etmək, üzmək, komediya filmi izləmək də depressiyadan xilas olmağa kömək edə bilər. Depressiyadan qurtulmaq üçün həyatımızda hər gün ən azı bir maraqlı hadisə baş verməlidir.
Ən önəmlisi isə enerjimizi tükədən, bizə neqativ enerji ötürən insanları həyatımızdan çıxarmaq depressiv vəziyyəti xeyli yüngülləşdirir.
Elvira Əliyeva,
“Dünyam” Psixologiya Mərkəzinin rəhbəri