Close

“Şərurlu İsfəndiyar”la “Telekom İnvest” işbirliyinin nəticəsi – Gələn gedənin atasına rəhmət oxutdurur

Xalqımızın gözəl bir atalar misalı var: “Gələn gedənin atasına rəhmət oxutdurur”.

TNS-in redaksiyasına daxil olan şikayət məktubunun birinci cümləsi məhz belə başlayır.

Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən “Stil” MTK-nın binalarında yaşayan sakinlər televizor və internet üzünə həsrət qalıb. MTK-nın “xüsusi razılığı” ilə bu binalarda telekommunikasiya və internet xidmətləri göstərən “Telekom İnvest” MMC-nin yarıtmaz fəaliyyəti insanların ciddi narazılığına səbəb olub.

Sakinlər bildirir ki, əvvəllər MTK “Azəri TV” adlı bir şirkətlə müqavilə bağlayıb bu binalarda onların fəaliyyət göstərməsinə icazə vermişdi. Bu şirkət sakinlərə “əla xidmət göstərəndən” bir müddət sonra bağlanıb.

“Telekom İnvest” həmin şirkəti alıb sakinlərə xidmət göstərməyə başlayanda insanlar sevinib ki, nəhayət onlar öz evlərində fasiləsiz televizor və internet xidmətlərindən istifadə edə biləcəklər. Çox keçmədən “Telekom İnvest”in rəhbərliyi sakinlərin keçmiş şirkətin xiffətini çəkməsinə səbəb olub. Cəmi bir neçə aydır ki, bu binalarda fəaliyyət göstərən şirkət hələ də öz işlərini qaydaya sala bilməyib.

Sakinlər deyir ki, günlərlə telekommunikasiya və internet xidmətlərindən istifadə edə bilmirlər, şirkət rəsmiləri isə müxtəlif bəhanələrlə onları aldatmaqla məşğuldur. Məsələn, artıq 3 gündür ki, “Telekom İnvest” bu ərazidə göstərdiyi xidmətləri texniki səbəbi əsas gətirərək dayandırıb. Şikayətçilər bildirir ki, bir gün vəsaiti gecikdirəndə şirkət dərhal göstərdiyi xidməti dayandırır. Bəs günlərələ istifadə etmədikləri xidmət üçün onlar niyə aylıq ödənişi tam həcmdə ödəməlidirlər?

"Telekom İnvest" MMC-nin rəsmi saytında göstərilir ki, şirkət 2007-ci ildən bəri Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sahəsində uğurla fəaliyyət göstərən aparıcı operatorlardan biridir. “Telekom İnvest” Azərbaycandakı ən böyük naqilsiz rabitə və İT şirkətidir. 11 il ərzində uğurla tamamlanmış bir çox layihələr həyata keçirilib. Şirkətin əsas hədəfi mükəmməl sistem yaradaraq bütün layihələrə, idarəetmə proqramlarından əməliyyatlara və bütün sistemə nəzarət etməkdir.

Bu qısa məlumatda şirkət çox böyük “uğurla” fəaliyyət göstərdiyini dəfələrlə təkrarlayır. Bu necə uğurlu fəaliyyətdir ki, abunəçilərinə günlərlə xidmət göstərə bilmir. Bu necə mükəmməl sistemdir ki, 3-5 gündən bir texniki problemlər yaranır.

Sakinlər bunun günahını həm də MTK rəhbərliyində görür. Bu binalarda altenativlər olsa, sakinlər bir şirkətə möhtac qalmaz, həmin şirkət də belə yarıtmaz səviyyədə fəaliyyət göstərməz.

Xatırladaq ki, “Stil” MTK “Şərurlu İsfəndiyar” adı ilə məşhurlaşan iş adamı İsfəndiyar Axundova məxsusdur.