Close

"Bakı Metropoliteni"ndən sərnişinlərə xəbərdarlıq

Son zamanlarda "Bakı metropoliteni"nində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.

"Bakı Metropoliteni" QSC -nin mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, bu cür hallar təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur və sərnişin məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Bildirilib ki, qatar maşinisti yalnız nəqliyyat vasitəsini idarə etmir, eyni zamanda təxminən 1600 sərnişinin təhlükəsiz mənzilbaşına çatmasını təmin etmək kimi ağır bir məsuliyyət daşıyır. Maşinist tunel infrastrukturu və qarşısına çıxan mümkün maneələrlə bağlı daim diqqətli olmalıdır. Bu səbəbdən onun işinə müdaxilə etmək və diqqətini yayındırmaq ciddi risklər yaradır və qəti şəkildə yolverilməzdir.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişin-maşinist rabitəsindən zərurət olmadıqda istifadə edənlərə qarşı cərimə tədbirləri nəzərdə tutulur. Rabitə yalnız fövqəladə hallarda – sərnişinin halının pisləşməsi, vaqonda şübhəli cisimlərin aşkar edilməsi, texniki nasazlıq və ya digər təhlükəli vəziyyətlər zamanı məlumat vermək məqsədilə istifadə olunmalıdır.