Sular altında qalan Bakı – Yağış niyə faciəyə çevrilir?

Bakıda və Abşeron rayonunda güclü yağış yenə ağır fəsadlar törədib. Ötən ilin oktyabrında Bakıda yağışlar nəticəsində tunelləri, evləri su başmış, ciddi problemlər ortaya çıxmışdı. Hətta iki nəfər tuneldə boğulmuşdu.
Bugünkü yağış aradan 5 aydan keçsə də, aidiyyəti qurumların – xüsusilə, Bakı Şəhər İcra Hakimiyyətinin bu müddətdə problemin həlli istiqamətində heç bir addım atmadığını üzə çıxardı. Çünki ötən il iki nəfər boğulduğu tuneli bu gün yenə su basıb, bir sıra yollarda nəqliyyatın hərəkətinə məhduduiyyət qoyulub, yollar, evlər, obyektlər su altında qalıb.
Bunun səbəbi nədir?
TNS-in bu barədə sualını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev yaranmış vəziyyətdən narahat olduğunu bildirib: “Təəssüf ki, hər dəfə qar, yağış yağanda Bakı şəhərində ciddi problemlər olur. İllərdir, bu problem həllini tapmır, əksinə dərinləşir.
Hamı kimi, bu, bizi də narahat edir. Belə çıxır ki, ötən il 2 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra müvafiq qurumlar lazımi tədbirlər görmək əvəzinə, heç nə ilə məşğul olmayıb. Ona görə, yenə həmin tunelin altını su basıb, digər yerlərdə ciddi fəsadlar olub.
Səhər insanlar evdən çıxanda görüblər ki, işə getmək mümkün deyil. Belə yanaşmaq olmaz. Müvafiq qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti işləmir. Bu, açıq-aydın görünür. Onların fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə TNS-ə deyib ki, bəzi qurumlar vəzifələrini yerinə yetirə bilmir: “Bəzi qurumların rəhbərliyindəki şəxslər onlara vəzifələrinin verdiyi imkanlardan yalnız öz məqsədləri üçün istifadə edirlər.
Əslində, Bakıda qeyri-adi təbiət hadisəsi baş verməyib. Bir az yağış yağıb, demək olar ki, şəhərdə həyat dayanıb. Tunellərin hamısını su basıb. Burada həm tunelləri tikən şirkətlər ciddi məsuliyyət daşıyır, həm onları saz vəziyyətdə saxlamalı olan qurumlar.
Onların yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşları maddi, mənəvi ziyan dəyib. Buna görə, vətəndaşlar onlara dəyən ziyanın ödənilməsi üçün məhkəmələrə müraciət etməlidirlər”.
S. Cəlaloğlu xatırladıb ki, Bakının kəndlərində kanalizasiya şəbəkəsi yoxdur: “Heç olmasa, yağış sularının Xəzərə axıdılması üçün sistem qurulmalıdır. Bunun üçün böyük maliyyəyə də ehtiyac yoxdur. Amma məmurlar bu xırda problemi belə həll etmirlər”.