Close

09:35
16 Aprel 2025

Bölgələrdən paytaxta axışanlar, avtomobil həvəskarları... - Tıxac probleminə fərqli baxış

Bakının yollarında, hətta Abşeronun kənd və qəsəbələrinə gedən yollarda yaranan tıxac sakinlər üçün ciddi problemə çevrilib. Ən əsası isə bu problem gün keçdikcə, azalmır, əksinə artır. Rəsmi qurumlar bildirir ki, Bakıda tıxacı yaradan səbəb avtomobilərin sayının çox olmasıdır. Məlumatlar isə bunun əksini deyir.

2024-cü ilə olan məlumata görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır. Ümumiyyətlə, avtomobillərin sayı isə iki milyona doğru gedir.

İqtisadçı Natiq Cəfərlinin açıqlamasına görə, Azərbaycanda Gürcüstana nisbətən hər 1000 nəfərə 2 dəfə daha az maşın düşür. Onun fikrincə, tıxaclar yol infrastrukturunun çatışmazlığı, doğru idarəetmənin olmaması və ictimai nəqliyyatın bərbad vəziyyətindən qaynaqlanır. Tıxacların başqa problemlərdən qaynaqlandığını düşünənlər də var.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı TNS-ə açıqlamasında bildirib ki, Gürcüstanda avtomobil sayının çox olması təbiidir:“Gürcüstanın Avropa ilə münasibətləri fərqlidir. Onlarda avtomobillərin daha ucuz qiymətə alqı-satqı prosesi gedir. Azərbaycana gətirilən istənilən avtomobil modelinin qiyməti ilə Gürcüstanda satılanın qiyməti arasında 5-10 min manatlıq fərq yaranır. Onlarda qiymət daha ucuz olduğu üçün hamı özünə maşın alır”.

Tıxacların idarə olunmasına gəlincə isə ekspertin sözlərinə görə, Gürcüstanda mikromobillik elementləri daha güclüdür: “Onlarda avtobus zolaqları bizdən daha əvvəl çəkilib. Yeni sistem qurulub. Yeni yollar çəkilir, geniş imkanlar yaradılır. Hər il Gürcüstanda ən azı iki dəfə olan bir insan kimi müşahidə aparıram və orada məsələyə yanaşmanın fərqli olduğunu görürəm. Gürcüstanın bölgələrindən Tiflisə axın yoxdur. İnsanlar kütləvi şəkildə Tiflisdə yaşamır. Azərbaycanda vəziyyət fərqlidir. Bölgələrdə iş tapa bilməyən hər kəs Bakıya üz tutur. Ötən ay olan 12 günlük tətildə bir daha şahidi olduq ki, bölgələrdən olan insanlar evlərinə döndüyü zaman Bakı necə boşalır. O zaman ilk növbədə bu problemi həll etməliyik. Çünki, nə qədər çox yeni yollar tikilsə, yeni tunellər salınsa da, bölgələrdən axın dayanmadıqca, vəziyyət dəyişməyəcək. Bölgələrin inkişafına diqqət ayırmaq lazımdır ki, əhali iş tapsın, həyat şəraiti yaxşılaşsın. Gürcüstanın ən ucqar kəndində də insanlar üçün yaxşı şərait yaradılıb. Onlar da kənddə maraqlı bir iş yaradıb və onunla məşğul olur. Elə bu səbəblərə görə Gürcüstanda avtomobil sayı nə qədər çox olsa da, bu cür tıxac problemləri yaşanmır. Yəni, problemin kökünü avtomobillərin sayında yox, bölgələrin boşalmasında axtarmalıyıq. Bu məsələ sosial bir problem kimi ortaya qoyulmalı və həll ounmalıdır. Bəzən deyirlər ki, nə üçün Gürcüstanla müqayisə edirsən? Gürcüstanla ölkəmizi yaxşı mənada müqayisə edirəm. Neçə ildir Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqamları icra olunub, amma problemlər qalmaqdadır. Qısası, Bakının tıxac problemi məhz bölgələrdən əhalinin paytaxta kütləvi axını ilə bağlıdır”.

Ekspert onu da vurğulayıb ki,  Azərbaycanda hazırda 1 milyon 800 mindən çox avtomobil var ki, bu da son 10 ilə baxanda fantastik göstəricidir.

Onun fikrincə, avtomobil sayı indiki sürətlə artarsa və paralel olaraq, bölgələrin boşalması davam edərsə, bu sahədə daha ciddi problemlərlə üz-üzə qala bilərik.

Aygün