Close

147 saylı marşrut xəttinə yeni avtobuslar verildi, amma hələ də…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mütəmadi olaraq sərnişindaşıma üzrə marşrut xətləri müsabiqəyə çıxarılır və yararsız vasitələr yeniləri ilə əvəzlənir. Bu işlər çərçivəsində Abşeron rayonunun Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutu müsabiqəyə çıxarılıb və qalib də müəyyənləşib.

Belə ki, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub. Amma qalib müəyyənləşən tarixdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, marşrut xəttində hələ də köhnə avtobuslar işləyir. Həmin avtobuslar isə sərnişindaşıma üçün, demək olar ki, yararsız vəziyyətdədir.

Bəs, hansı səbəbdən yeni avtobuslar xəttə buraxılmır?

Məsələ ilə bağlı TNS-in sorğusunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavablandırıb.

Bildirilib ki, avtobuslar yaxın zamanda xidmətə başlayacaq: “Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub. Yeni daşıyıcı müqavilə imzalandıqdan sonra yaxın zamanda xidmətə başlayacaq”.

Məlumatda qeyd olunub ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Qeyd edək ki, 147 nömrəli avtobus marşrutu ilə eyni vaxtda Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli avtobus marşrutları üzrə də yeni daşıyıcılar müəyyənləşib. Həmin xətlər üzrə avtobuslar artıq yeniləri ilə əvəzlənib.


Aygün