Close

19:40
30 Mart 2025

Bakıdakı bu evlər sökülür - Sakinlər narazıdır...

Bakının Xətai rayonu, Marat Əmirxanov küçəsi, 14 ünvanında yerləşən yaşayış binası söküləcək.

Bu barədə bina sakinlərə məlumat verilib. Amma sakinlər onlara mənzillərinin hər kvadratmetri üçün təklif edilən məbləğdən narazıdırlar.

TNS-ə müraciə edən sakinlər onlara hər kvadratmetr üçün 1515 manat ödəniləcəyini bildiriblər. Onlar bu məbləğin az olduğunu, veriləcək pulla yaxın ərazilərdə mənzillərinin hazırkı sahəsinə uyğun ev ala bilməyəcəklərini bildirirlər.

Qeyd edək ki, bu sahədə işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Bina sakinləri bildiriblər ki, Komitədən onlara ərazidə yaşayış binasının tikilməyəcəyi, park salınacağı deyilib.

TNS sakinlərin müraciəti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb. Komitədən bildirilib ki, Bakı şəhəri, Хətai rayonu, Marat Əmirxanov küçəsi, 14 ünvanındakı bina qəzalı elan edilib: “Həmin ərazidə sıxlıq göstəriciləri yolverilən həddə çatıb, bir sıra digər şəhərsalma normaları gözlənilməyib. Belə ki, qüvvədə olan şəhərsalma norma və qaydaları çərçivəsində sözügedən məhəllədə yeni çoxmənzilli binanın tikintisi mümkün deyil”.

Qurumdan verilən cavabda o da vurğulanıb ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanıb və qiymət 1515 manat kimi müəyyənləşib.

Aygün