Close

Bir tərəfində qar, o biri tərəfində Günəş – Bakıdakı anomal havanın səbəbi açıqlandı

Tez-tez Bakı şəhərinin bir tərəfində yağıntı olduğu halda, digər tərəfində günəşli havanın hökm sürdüyünün şahidi oluruq.

Ötən gün də şəhərin bəlli bir tərəfində qar yağdı, digər tərəfində isə quru və günəşli hava özünü göstərdi. Mütəxəssislər deyir ki, fəsillərin sonuna yaxınlaşdıqca havada bu cür anomaliyalar baş verə bilir.

Mövzu ilə bağlı TNS-ə danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Bakı 2240 km²-lik ərazisi ilə dünyanın iri şəhərlərinin siyahısındadır: “Bakı kifayət qədər böyük şəhərdir. Müxtəlif istiqamətlərdən şəhərə hava kütlələri daxil olur. Ümumiyyətlə, Azərbaycan ərazisinə 11 növ hava kütləsi gəlir. Havada anomaliyaların olması iqlim şəraitimiz üçün labüddür. Məsələn, bu il rayonların dağlıq hissələrinə kifayət qədər qar yağıb. Düzənlik rayonlarda isə taxıl zəmiləri, bəzi əkilən bitkilər qarın yağmamasından ziyan çəkir. Ziyanvericilər çoxalır və s. Başqa bir tərəfdən, qışın keçid dövründə bir qədər anomaliyaların baş verməsi gözləniləndir. Ölkəmizin, eləcə də Bakının coğrafi şəraiti fərqlidir. Dağlar, dəniz, müxtəlif istiqamətlərdən gələn hava kütlələri amili var”.

Ə. Əliyevin sözlərinə görə, Azərbaycan ərazisi quraqlıq dövrlə yağıntılı dövrün yerdəyişmə prosesinin astnasındadır. Belə ki, bəzi yerlərdə quraqlıqdır, digər tərəfdən isə izafi yağıntı düşən ərazilər var: “Ötən gün Lerik rayonuna 1 metr qar yağıb, amma Aran ərazisində qar yoxdur. Təbiətdə dövrilik qanunu var. 30-40 ildən bir quraqlıq dövrlə yağıntılı dövr yerini dəyişir. Ölkəmizdə artıq yağıntılı dövr başlayır. Mingəçevir gölündə ötən il 80, hazırda isə 300 kub metr su var. Bu, böyük rəqəmdir. Hətta, Kürün daşmaq təhlükəsi yaranıb. Hazırda Salyan istiqamətində bəndartırma tədbirləri həyata keçirilir”.

Aygün

Əlaqəli xəbərlər