Close

Bakıda daha bir marşrut xətti müsabiqəyə çıxarılacaq - RƏSMİ

“Elmlər Akademiyası” metrostansiyasından Badamdar şossesi ilə Bayıla gedən və eyni yolla geriyə qayıdan 53 saylı avtobus marşrutları yararsız vəziyyətdədir.

Sərnişinlər xəttdə işləyən avtobusların həddindən artıq köhnə, oturacaqların kir-pas içində olduğunu bildirir. Şəhərin mərkəzi küçələrindən keçən nəqliyyat vasitəsinin oturacaqları çirkdən görünmür. Üstəlik, onsuz da sınıq-salxaq olan oturacaqların sayı yetərsizdir. Kifayət qədər sərnişinə xidmət göstərən avtobusların sayının az olması, bu səbəbdən yaranan sıxlıq da sərnişinləri narahat edən problemlərdəndir.

Bəs, bu marşrutda xidmət göstərən avtobuslar nə zaman yenilənəcək?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-in sorğusuna cavab olaraq bildirilib ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədi ilə AYNA tərəfindən mütəmadi olaraq marşrutlar üzrə monitorinqlər həyata keçirilir: “Keçirilən monitorinqlər zamanı fəaliyyətində nöqsan aşkarlanan daşıyıcıların müvəqqəti istismarında olan müntəzəm marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Görülən işlər çərçivəsində 53 nömrəli müntəzəm marşrutun da müsabiqəyə çıxarılması nəzərdə tutulub”.

Aygün