Bakıda inşa ediləcək 10 metro stansiyası bu ərazilərdə olacaq
Bakıda qısa müddətdə inşa ediləcək 10 metro stansiyasının yeri məlum olub.
TNS-in məlumatına görə, onlardan biri hazırda tikintisi dayandırılmış, Bənövşəyi xətt üzrə inşa edilən və şərti adı B-4 olan yeni stansiyadır. Həmin stansiyanın bu ilin sonuna istifadəyə verilməsi proqnozlaşdırılsa da, müəyyən səbəblərdən tikinti yarımçıq saxlanılıb. Yaxın vaxtlarda həmin stansiyanın tikintisinin davam etdiriləcəyi gözlənilir.
İkinci tikintisinə start veriləcək stansiya Nəsimi rayonu ərazisində, Xarici İşlər Nazirliyinin arxasında olacaq.
Bənövşəyi xətt üzrə inşa edilməsi planlaşdırılan 3-cü stansiya isə metronun “Sahil” stansiyasının yaxınlığında olacaq. Bundan sonra növbəti stansiya “Port Baku” Yaşayış Kompleksinin yanında inşa ediləcək. Bənövşəyi xəttin sonuncu stansiyası “Ağ şəhər” ərazisində olacaq. Həmin stansiya ilə “Port Baku” Yaşayış Kompleksi arasında daha bir stansiya “Xətai” metrostansiyasının yaxınlığında inşa ediləcək.
Məlumata görə, Bənövşəyi xətlə paralel olaraq metronun Yaşıl xəttinin də inşası nəzərdə tutulub. 2030-cu ilədək həmin xətt üzrə 4 stansiya inşa ediləcək. Bu stansiyalardan ikisi "Ağ şəhər"də inşa ediləcək. Onlardan biri "Ağ şəhər" Yaşayış Kompleksi, ikincisi isə “Xəzər” televiziyasının yaxınlığındakı ərazidə olacaq. Yaşıl xəttin 3-cü stansiyası Xətai rayonu ərazisindəki “Nargilə” dairəsində, 4-cüsü isə “Həzi Aslanov-2” stansiyası olacaq. Şərti adı “Həzi Aslanov-2” olan stansiyanın inşasından sonra metronun Yaşıl və Qırmızı xətləri ayrılacaq, qatarlar arasındakı intervalı minumuma endirmək mümkün olacaq.