Tətil günlərində Bakıdakı tıxacların səbəbi bu imiş...
Tətil günlərində Bakıdakı tıxacların səbəbi bu imiş...
Adətən, tətil günlərində paytaxt küçələrində sıxlıq müşahidə edilmir. Lakin bu dəfə fərqli oldu. Hazırda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar qeyri-iş günləri davam etsə də, paytaxt yollarında sıxlıq iş günlərindəki kimidir.
Nəqliyyat eksperti Elməddin Muradlı TNS-ə bunun səbəblərini açıqlayıb.
Azərbaycanda şəxsi minik maşınlarının sayının sürətlə artdığını deyən ekspert qeyd edib ki, avtomobillərin böyük hissəsi Bakının payına düşür: “Hazırda ölkədə 1 milyon 860 mindən çox nəqliyyat vasitəsi qeydiyyatdadır. Son illərdə ölkəyə gətirilən avtomobillərin sayı 100 min civarında olub. Ölkədə illik 100 min avtomobil artırsa, təbii ki, bu, böyük bir inkişafdır. Ancaq yollarda fəsadlar yaradır. Nə qədər uğurlu inkişaf olsa da, əhalinin güzəranının yaxşılaşması barədə danışa bilsək də, ümumi mənzərə onu göstərir ki, bu maşınların böyük əksəriyyəti paytaxta toplaşır. Ölkəyə kütləvi şəkildə taksiyə yararlı avtomobil sayılan “Toyota Prius” gətirildi. Sonra onların ili köhnə olduğuna görə taksidən kənarlaşdırıldı, ucuz qiymətə satıldı. Yəni, həmin maşınlar sıradan çıxarılmadı, hazırda istifadə olunur.
Son illər Çinin elektrik mühərrikli avtomobillərinin sayı da şəhərdə çoxalıb".
E. Muradlı ictimai nəqliyyatın vəziyyətinin qənaətbəxş olmadığını deyib: “Şəxsi avtomobillərin sayının artmasında bu amilin də rolu böyükdür. İnsanların sosial vəziyyəti yaxşılaşdıqca, maşınların da artması qaçılmaz olur. Bu, dünyanın bir çox ölkəsində belədir. İnsanlar bir müddət fikirləşirlər ki, maşınsız həyat mümkün deyil. Beləliklə, avtomobil alırlar və nəticədə şəhərlərdə tıxac yaranır. Aradan bir müddət keçir, insanlar tıxacdan bezib, ictimai nəqliyyata keçir. Biz hələ maşına maraq dövrünü yaşayırıq. Bir müddət sonra ictimai nəqliyyata keçid başlayacaq. Amma o vaxta qədər ictimai nəqliyyat da normal vəziyyətdə olmalıdır".
Ekspert qeyd edib ki, bu il bayramda paytaxtdan bölgələrə deyil, əksinə bölgələrdən paytaxta daha çox axın olub: "Bölgələrə gedən insanların sayı azdır. Çünki bölgələrdə turizm qənaətbəxş deyil. Qiymətlər yüksək, xidmət aşağı səviyyədədir. Nəticədə bölgələrə gedənlərə nisbətdə paytaxta gələnlərin sayı daha çoxdur. Ona görə, belə bir vəziyyət yaranıb".
Ayşən Azadova