Bakıda tramvay xətləri bu yollarda çəkiləcək, trolleybuslar isə...
Bakı şəhərində tramvay və trolleybusların fəaliyyətinin bərpası zaman-zaman müzakirə olunan mövzulardandır. Tramvayların bərpası prosesi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında da əksini tapıb.
İnsanlar arasında trolleybusların bərpasını vacib hesab edənlər də, buna ehtiyac qalmadığını düşünənlər də var.
Mövzu ilə bağlı TNS-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakıda trolleybusların fəaliyyətinin bərpasına ehtiyac olmadığını deyib: “Trolleybusların yerini hazırda elektrobuslar tutur. Trolleybusun fəaliyyətinin bərpası ekolji cəhətdən təmiz nəqliyyat vasitəsi olduğu üçün arzulanırdı. Bunu da artıq elektrik mühərrikli avtobuslar əvəzləyib. Tramvay isə daha çox sərnişin götürdüyü, rels üzərində hərəkət etdiyi, qrafikdən kənarda qalmadığına görə şəhərlərdə əhəmiyyətli nəqliyyat vasitəsi hesab oluna bilər. Buna görə də nəinki Bakı şəhəri, ölkənin digər şəhərlərində də tramvayların olmasının tərəfdarıyam”.
Ekspert bildirib ki, əsas məsələ həmin tramvayların dekorativ xarakter daşımamasıdır: “Tramvayları ancaq turistlər üçün etməməliyik. Bu nəqliyyat vasitəsi rentabelli marşrutlardan keçməli, şəhər əhalisinə və qonaqlara xidmət göstərməlidir. Yəni, tramvay xətlərinin çəkilməsi mümkündür və bu məsələ Bakı şəhərinin Baş Planında da öz əksini tapıb. Prosesi daha da sürətləndirmək olar”.
Tramvayların konkret olaraq, Bakı şəhərinin hansı ərazilərində çəkilməsinin mümkünlüyünə gəlincə isə ekspert bildirib ki, iri prospektlərdə, şosse yollarında çəkilə bilər: “Tramvay xətləri vətəndaşların konkret evdən işə gedən marşrutları üzərində ola bilər. Elə yerlərdə çəkilməlidir ki, mövcud yol infrastrukturuna xələl gətirməsin və digər hərəkət iştirakçılarına mane olmasın.
Bakı şəhərinin kənar rayonları, qəsəbələri var. Hövsan, Biləcəri və s. Ziya Bünyadov küçəsi boyunca “Koroğlu” metrostansiyasına qədər tramvay xəttinin çəkilməsi realdır”.
Aygün