Bakıda yollar COP29-dan sonra da belə olacaq?
Paytaxtda keçirilən COP29 tədbiri çərçivəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi piyadların, eləcə də ictimai nəqliyyatdan istifadə edənlərin işini xeyli asanlaşdırıb. Məlumdur ki, bu tənzimləmə bır sıra məhdudiyyətlərin tətbiqi ilə mümkün olub.
Ümumiyyətlə, Bakı şəhərində adi günlərdə nəqliyyatın, yol hərəkətinin bu cür tənzimlənməsi mümkündürmü? Bunun üçün hansı addımların atılması vacibdir?
Mövzu ilə bağlı TNS-ə danışan nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov atılan müsbət addımlara toxunub: “Müşahidə edirik ki, COP29 tədbiri çərçivəsində ölkənin nəqliyyat sistemi yaxşı işləyir. Söz verildiyi kimi, 160 ədəd elektrobus, onunla yanaşı, elektrik mühərrikli taksilər gətirildi. Onların da parkında yenilənmə görürük ki, bunlar sevindirici haldır”.
Adi günlərdə Bakı şəhərində nəqliyyatın daha rahat tənzimlənməsinin mümkünlüyünə gəlincə, ekspert bildirib ki, əhali sayının çoxluğu, eyni zamanda Bakının paytaxt və sənaye şəhəri olması tənzimləməni bir qədər çətinləşdirir: “Hazırda bizdə ictimai nəqliyyat avtobus və metrodan ibarətdir. Ən azı tramvay, əlavə trolleybuslar fəaliyyət göstərsəydi, yəni ictimai nəqliyyat şaxələnmiş olsaydı, o zaman hərəkəti elə COP29 günlərində gördüyümüz kimi çox normal şəkildə nizamalamaq mümkündür. Mən məsələyə optimist yanaşıram. Metroya yeni qatarların, şəhərdaxili daşınmaya yeni avtobusların gətirilməsi prosesi başlayıb. Ümid edirəm ki, bu artımlar olduqca nizam-intizama nail ola biləcəyik”.
Aygün