Close

Bakı metrosunda COP29-la bağlı bu sxem tətbiq edildi

COP29 konfransı başlandığı ilk gündən "Bakı Metropoliteni" qatarların hərəkəti də daxil olmaqla, bütün infrastrukturu normal iş rejimində fəaliyyətini davam etdirir.

Bunu TNS-in sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hələlik heç bir neqativ hal yaşanmayıb: “Son 3 gün ölkədə qeyri-iş günü hesab olunsa da, metropoliten adi iş günü rejimi ilə fəaliyyət göstərib. Qatarların hərəkəti metropolitendə ən optimal hərəkət qrafiki ilə təmin edilib. Sabah da qeyri-iş günü olmasına baxmayaraq, eyni qrafiklə hərəkət olacaq. Qatarların hərəkəti maksimal qrafik və minimal intervalla nizamlanacaq”.

B. Məmmədov bildirib ki, noyabrın 11-dən metropoliten gücləndirilmiş iş rejiminə keçib: “Bir sıra dəyişikliklər də əlavə edilib. Yerüstü ictimai nəqliyyatın hərəkəti ilə bağlı bir sıra məsələlər nəzarətə götürülüb. Bəzi marşrutların hərəkət sxemi dəyişdirildiyi üçün “Ulduz” stansiyasında yeniliklər edilib, “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” və “ Xalqlar Dostluğu” stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Noyabrın 12-dən etibarən isə “Xətai”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 yanvar” stansiyalarında da əlavə tənzimləmə tədbirləri həyata keçirilir”.

Qurum rəsmisi bildirib ki, konfransla əlaqədar Bakı kəndlərindən “Koroğlu” stansiyasına gələn bəzi marşrut xətlərinin fəaliyyəti dayandırılıb, bəzi marşrutlar isə “Ulduz” stansiyasına yönləndirilib.