Bakı Bulvarında ajiotaj yaradan "canlı" əslində bu imiş
Səhər saatlarında Bakı Bulvarında görünən “ölmüş balina”nın nə olduğu bilinib.
TNS-in məlumatına görə, bu gün səhərdən bütün ölkənin marağına səbəb olan bu görüntü əslində maketdir. Sözügedən layihə iqlim dəyişikliklərinə diqqət çəkmək üçün “Captain Boomer” əsəridir. Maket COP29 tədbirinin açılış mərasimi üçün Bakıya gətirilib və ictimaiyyətin marağına səbəb olmaq üçün səhər saatlarından sərgilənməyə başlayıb. Meketin Bakı Bulvarında ajiotaj yaratmasına səbəb isə iki gün öncə Xəzər dənizində nəhəng canlının görüntülərinin yayılmasıdır. Sakinlər maketin məhz həmin canlı olduğunu zənn edirlər.
Məlumata görə, maket dünyanın bir çox şəhərində nümayiş olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında hadisəni Bakı Bulvarında ilk müşahidə edən şəxs Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov olub. E. Hüseynov həmin hadisənin videogörüntülərini sosial şəbəkədə paylaşandan sonra əraziyə axın başlayıb.