Bakıdakı qalmaqallı uşaq evində daha bir problem - Sakinlər qotur xəstəliyi tutub
Bakı şəhərindəki 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqlar arasında kütləvi qoturluq xəstəliyinin yayılması ilə bağlı məlumat var. Məlumata görə, həmin uşaqlardan 8-i hazırda xəstəxanaya yerləşdirilib.
Müəssisədə uşaqlar arasında xəstəliyin yayılıb-yayılmadığı, hazırki vəziyyətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən TNS-ə bildirilib ki, bir müddət öncə müəssisənin 5 nəfər sakininin 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinəsi təşkil edilib: “Aparılan analizlərə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub və 10 gün müddətində stasionar müalicə ediliblər. Daha sonra isə uşaqların laborator müayinəyə əsasən, sağaldıqları təsdiqlənib və onlar müəssisəyə qaytarılıblar”.
Məlumatda bildirilib ki, müəssisələrdəki uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyatı səhiyyə qurumları ilə əməkdaşlıq edilir.
Məlumatda o da qeyd olunub ki, müəssisənin ümumilikdə 94 sakini var.
Qeyd edək ki, bu ilin sentyabr ayında müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyüldüyü və təhqir olunduğu iddia edilmişdi.