Close

Kanalizasiya xətti üzərindəki evin sahibi: “12 gündür, küçədə gecələyirik” - FOTO-VİDEO

Bakının Xətai rayonu ərazisində kanalizasiya xəttinin üzərində tikilən və bir müddət əvvəl qəzalı vəziyyətə düşən evdə yaşayan ailə küçədə gecələyir.

Bu barədə TNS-ə ev sahibi Məcnun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq 12 gündür, ailəsi ilə birlikdə evnin qarşısında - küçədə qalır: “Evimin foto və videolarını hər gün qeydə alıram, aidiyyəti qurumlara göndərirəm.

2006-cı ilin noyabrında evi hazır tikili olaraq almışam. Evim tam qanuni inşa olunub, bütün sənədlərim qaydasındadır. Sonradan evin sənədlərini məndən aldılar, dövlət rüsumu ödəmək üçün müvafiq orqanlara çağırıldım. Bütün ödənişləri edib, evin və torpağın ayrı-ayrılıqda çıxarışlarını aldım.

Oktyabrın 12-də evimin həyəti çökdü. Hadisə ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişəm. Amma 12 gündür ki, nə ailəmlə, nə də evimlə maraqlanan var”.

M.Məmmədovun sözlərinə görə, əvvəlcə evin həyətində çökmə olsa da, sonradan qəzalı vəziyyətə düşüb: “Mənim evimlə yanaşı, sağ və sol tərəfdəki evlər də qəzalı vəziyyətə düşüb. Kanalizasiya xətti 8 metr dərinlikdən keçir. Həmin ərazini tam qazıblar. Nəticədə evim hər gün uçma təhlükəsi ilə üzləşir”.

M. Məmmədov deyir ki, evi alarkən onun kanalizasiya xəttinin üzərində tikildiyini bilməyib: “Evimin sənədləri, tikinti razılığı hamısı vaxtında alınıb. Xətai Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə rəsmi müraciət etmişik, şöbənin əməkdaşları və xüsusi komissiya əraziyə baxış keçirib, araşdırma aparıb, evin layihəsi qanunauyğun hazırlanıb və tikintiyə icazə verilib. İndi isə hərəsi bir tərəfə qaçır. Heç bir qurum mənim ailəmin taleyi ilə maraqlanmır. Artıq 12 gündür ki, ailəmlə küçələrdə gecələyirik”.

Xatırladaq ki, oktyabrın 12-də Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorunda çökmə baş verib. Nəticədə kollektorun üzərindəki ikimərtəbəli evin bir hissəsi çöküb.

e25d25ab-f10e-4ca4-9cdf-7c3b8116555a

b06efd81-222b-4bd3-ab06-360017b22025

4c7fe241-db57-4acb-93a2-d85e91dfe1c2

Ayşən Azadova