Close

Bakının bu ərazisini su basdı – Hansı tədbirlər görülür?- FOTO

Xəbər verildiyi kimi, oktyabrın 19-dan 20-nə keçən gecə paytaxtda yağan güclü yağış bir sıra fəsadlara yol açıb.

Sabunçu Dəmir Yolu Vağzalı yaxınlığındakı tunel yağış nəticəsində yolun əsas hissəsinə qədər su altında qalıb.

Ərazidə yaranan gölməçə sürücülərə ciddi çətinliklər yaradıb.

Güclü yağışlar zamanı Bakının müxtəlif yerlərində belə problemlər yaranır, bəzi ərazilərdə subasmalar müşahidə olunur.

Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?

Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov TNS-in sualına cavabında bildirib ki, paytaxtın kanalizasiya xətlərinin daş, qum, çınqıldan təmizlənməsi üçün mütəmadi yuyulma işləri həyata keçirilir: “Görülən işlərin son nəticəsi olaraq xətlərin daş, qum, çınqıldan təmizlənməsi təmin edilib, axıcılıq qabiliyyəti artırılıb. Eyni zamanda, ötürücü kanalizasiya və nasos stansiyalarında da müvafiq tədbirlər görülür, ehtiyat nasoslar quraşdırılır, köhnə nasoslar yenisi ilə əvəzlənir. Lazım olan qurğular, nasosların ehtiyat hissələri, işci qüvvəsi, vallar hazır vəziyyətdə saxlanılır ki, güclü yağışlar zamanı istifadədə olan nasoslarda hər hansı qəza baş verərsə, dərhal sökülüb, yenisi ilə əvəz edilsin”.

Əlizadə Nəsirov vurğulayıb ki, yağış yağmadan öncə hansı yerlərdə su yığılacağı barədə öncədən araşdırmalar aparılır: “Güclü leysan yağışları zamanı su yığılan istiqamətlərə əməkdaşları cəlb edirik və orada operativ işlər görülür. Tutulma halları olan ərazilər nəzarətdə saxlanılır ki, vətəndaşlar rahat hərəkət edə bilsin".

Ayşən Azadova