Close

Binaların həyətini, uşaq meydançalarını zəbt edən sürücülər - FOTO

Paytaxtda avtomobillərin parklanması ilə bağlı problemlə təkcə yollarda, səkilərdə rastlaşmırıq. Yaşayış binalarının əksəriyyətinin həyətlərində də xaotik vəziyyət müşahidə olunur.

Bəzi çoxmərtəbəli yaşayış binalarında yetərli sayda parklanma yeri ayrılmayıb. Bəzi hallarda isə sürücülər avtomobillərini parklanma yerlərində yox, uşaq meydançalarında, sakinlərin gəzintisi üçün ayrılan ərazilərdə saxlayırlar. Bu da piyada bina sakinlərinin narazılığına səbəb olur. Ötən gün sosial şəbəkələrdə MİDA yaşayış kompleksindən belə bir görüntü paylaşılıb. Həyətdə kifayət qədər yer olduğu halda avtomobillər səkidə park edilib.

avt_1

Problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı TNS-ə deyib ki, binaların girişindəki, ətrafında avtomobillərin park edilməsi ciddi problemə çevrilib: “Düşünürəm ki, binaların girişinə, həyətlərdə istirahət üçün ayrılmış ərazilərə nəzarət olunmalıdır. Səkilərdə, binaların həyətlərində tez-tez nizamsız parklanmanın şahidi oluruq. Təəssüf ki, sürücülərin çoxu nizam-intizamsız və təmbəldir. Yaşadıqları ərazilərdə kifayət qədər boş yer olduğu halda maşınları saxlamağa elə yerlər seçirlər ki, insanların gediş-gəlişinə maneə yaradır, hərəkəti məhdudlaşdırır”.   

Ekspertin sözlərinə görə, belə sürücülük etikasından, mədəniyyətindən uzaq kifayət qədər avtomobil sahibi var: “Hesab edirəm ki, hüquq-mühafizə orqanları da işə qarışmalı, sürücülərə izah olunmalıdır ki, parklanmanın nəzərdə tutulmadığı istənilən yerdə maşın saxlamaq qayda pozuntusudur”.

Ayşən Azadova