Paytaxtın “işğal” edilən səkiləri – BŞİH sorğulara cavab vermir

Paytaxt Bakının sıxlıq problemi mütəmadi müzakirə olunan mövzulardandır.
Bakıda əhalinin, avtomobillərin sayının çoxluğu bu problemin əsas səbəblərindəndir. Paytaxtın yollarındakı sıxlıq təkcə keçilməz tıxaclarla məhdudlaşmır. Piyadaların hərəkəti üçün ayrılmış zolaqlarda da vəziyyət ürəkaçan deyil.
Xüsusilə şəhərin mərkəzi küçə və prospektlərində səkilərin zəbt olunması adi hala çevrilib. Bəzi sürücülər səkilərdən parklanma yeri kimi istifadə edir. İşbaz sahibkarlar üçünsə səkilər əlavə gəlir mənbəyidir. Restoranların, mağazaların, müxtəlif iaşə obyektlərinin səkiləri zəbt etməsi hallarına tez-tez rast gəlinir.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yol hərəkətində əsas diqqət mobilliyə yönəldilməlidir. Yəni, avtomobildə, digər minik vasitələrində olan, piyada gəzən insanların rahat hərəkətinə şərait yaradılmalıdır: “Məsələn, piyadalar üçün ayrılmış zolaqlar maneəsiz, abad olmalıdır. Eyni zamanda fərqli kateqoriyalardan olan yol hərəkəti iştirakçıları nəzərə alınmalıdır. Fiziki məhdudiyyətli insanlar səkilərdən istifadə zamanı çətinliklə üzləşməməlidir”.
Ekspert səkilərin zəbt edilməsinin yolverilməz olduğunu vurğulayıb: “Səkilərə satış köşkləri, iaşə obyektlərinin masaları qoyulur, avtomobillər qanunsuz park edilir. Bu səbəbdən piyadalar, xüsusilə əlilliyi olan şəxslər çətin vəziyyətdə qalırlar. Onlar bəzən avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar ki, bu da piyadaların vurulması ilə nəticələnən qəzalara şərait yaradır”.
İaşə obyektlərinin, satış köşklərinin səkiləri qanunsuz zəbt etməsinin qarşısının alınması ilə bağlı hansı tədbirlərin görüldüyünə dair Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab verilməyib.
Aysən Azadova