Close

14:50
07 Oktyabr 2024
14:43
07 Oktyabr 2024
13:20
07 Oktyabr 2024

165, 147, 179, 114, 167... - Onlardan istifadə etmək təhlükəlidir

Paytaxtda sərnişin daşınması ilə məşğul olan avtobusların arasında qapısı, oturacaqları kustar üsulun verdiyi imkanlarla birtəhər yerində “duran” vasitələrin sayı kifayət qədərdir.

Xüsusilə, ətraf qəsəbə və kəndlərə işləyən marşrut avtobuslarının çoxunun qapısı iplə, naqillə bağlanır, oturacaqları yerində deyil. Çirk içində itib-batan avtobuslardan istifadə etmək məcburiyyətində qalan sərnişinlər haqlı olaraq etiraz edirlər.

165, 147, 179, 108 B, 114, 167...

Bu siyahını kifayət qədər uzatmaq olar. Məsələn, Abşeron rayonu Mehdiabad qəsəbəsidən “Azadlıq” metrostansiyasına işləyən 147 saylı marşrut avtobusu hələ Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti dövründən müsabiqəyə çıxarılsa da, faydası olmayıb. Xətt eyni daşıyıcıda qalıb. Hazırda da vəziyyət eynidir.

Bu avtobuslardan istifadə edən sərnişinləri bir sual maraqlandırır. Onlar nə vaxt normal avtobus xidməti görəcəklər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində işlər aparılır: “Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır”.

Vurğulanıb ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir: “Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir”.

Qurumdan verilən məlumatda o da vurğulanıb ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb: “Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir”.

Aygün İbrahimli