Close

13:20
07 Oktyabr 2024
11:52
07 Oktyabr 2024

Bakının sıxlıq problemi – Paytaxt köçürülə bilər?

Ümumdünya Səhiyyə Təşkilatı Bakının insanların sıx məskunlaşdığı şəhərlərdən biri olduğunu açıqlayıb. Qurum bu səbəbdən xəstəliklərin daha sürətlə yayılma ehtimalının olduğunu bildirib.

Maraqlıdır, Bakının yükü necə azaldıla bilər? Paytaxt başqa yerə köçürülə bilərmi?

Deputat Ceyhun Məmmədov TNS-in bu barədə sualını cavablandırarkən deyib ki, paytaxtın köçürülməsi ilə bağlı adları çəkilən bölgələrin bəzilərində su problemi var. Bəziləri isə paytaxt üçün uyğun deyil: “Sıxlıq problemi təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində müşahidə olunur. Tez-tez sıxlıqla bağlı statistik göstəricilər açıqlanır.

Bu gün Azərbaycanda paytaxtın köçürülməsi ilə müxtəlif bağlı fikirlər səsləndirilir. Amma belə bir addımın atılması çox böyük maliyyə vəsaiti tələb edir.

Nəzərə almalıyıq ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük quruculuq işləri həyata keçirilir. Hazırda paytaxtın köçürlməsi asan məsələ deyil. Hesab edirəm ki, paytaxtın köçürülməsi məsələsini qaldırılmazdan əvvəl bu reallıqlar nəzərə alınmalıdır. Həm ərazi seçimi, həm maliyyə baxımdan məsələlərə dövlət qurumları rəy bildirsə, daha məqsədəuyğun olar”.

Onun sözlərinə görə, paytaxtın köçürülməsi çox ciddi məsələ olduğundan əsaslı araşdırma aparılmalı, sonra qərar verilməlidir.

Nəqliyyat eksperti Elməddin Muradlı isə TNS-ə deyib ki, paytaxtda əsas sıxlıq nəqliyyatla bağlıdır: “Təbii ki, bu da insanların sayının çoxluğu ilə əlaqədardır.

İllərdir, regionların sosial-iqtisadi inkişafı üzrə proqramlar icra olunur. Amma bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində bölgələrdən Bakıya axın artıb.

Sıxlığın azaldılmasına ilk növbədə yollardan başlamaq lazımdır. Bakının avtomobil tutumu təxminən 300 000 ədəddir. Amma hazırda paytaxt yollarında gündəlik 1 milyon avtomobil hərəkət edir. Belə olan halda təbii ki, şəhər yüklənir. Bu baxımdan Bakının yükünün azaldılması üçün təcili tədbirlər görülməlidir".

Ayşən Azadova