Su xətlərinin üzərindəki qanunsuz evlər söküləcək? - RƏSMİ
Bakının müxtəlif yerlərində paytaxtı içməli su ilə təmin edən xətlərin mühafizə zolaqlarında qanunsuz evlər tikilməsi narahatlıq yaradır. Çünki həmin evlərin ağırlığından su xətti zərər görə bilər. Yaxud, həmin ərazilərdə su xəttində hansısa problem yarandıqda müdaxilə etmək çətinləşir. Ən vacibi isi tikilinin altından keçən boruda yaranan sızma, su axıntısı evi uçura, faciələrə yol aça bilər.
Həmin yerlərdə su xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı hansısa layihə varmı?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu TNS-in bu barədə sualını cavablandırıb.
O bildirib ki, xətlərin tikililərin altında qalan hissələrinin digər ərazilərdən çəkilməsi ilə bağlı hər hansı layihə yoxdur: “Magistral xətlərin üzərindəki qanunsuz tikintilərlə bağlı ictimaiyyəti dəfələrlə məlumatlandırmışıq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Bəzi ərazilərdəki vəziyyətlə bağlı məhkəmələrə müraciət etmək üçün sənədlər hazırlanıb. Xətlərin tikililərin altında qalan hissələrinin digər ərazilərdən çəkilməsi ilə bağlı isə layihə yoxdur. Hazırda belə yerdəyişmələri həyata keçirmək də mümkün görünmür. Çünki ətrafda xeyli əlavə tikili, yol infrastrukturu var. Xətlərin yeni marşrutlar üzrə aparılması üçün coğrafi vəziyyət də əlverişli deyil”.
Ayşən Azadova