Close

21:48
28 Sentyabr 2024

Bakıda daha 100 km-lik avtobus zolaqları çəkiləcək - RƏSMİ

Bakının tıxac problemi gündən-günə artır. Mütəxəssislər problemin həllində kompleks yanaşmanı vacib hesab edir. Şəhər infrastrukturunun yenilənməsi, yaşayış və qeyri-yaşayış binalarının parklanma yerlərinin vacibliyi, eləcə də ictimai nəqliyyatın işinin yaxşılaşdırılması kimi məsələlər önə çəkilir.

Tıxac probleminin aradan qaldırılmasında vacib rolu olan ictimai nəqliyyatın tənzimlənməsi prosesində hazırda hansı işlər həyata keçirilir?

Mövzu ilə bağlı TNS-in sorğusunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavablandırıb.

Qurumdan bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə qurum tərəfindən bir ildən çoxdur, mobilliyin transformasiyası proqramı həyata keçirilir: “Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb”.

Məlumatda qeyd olunub ki, hazırda paytaxtın 28 küçə və prospektlərində uzunluğu 80 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib və bu istiqamətdə işlər davam etdirilir: “Zolaqların təşkili avtobusların fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 100 km-dən çox avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.

Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb”.

Məlumatda vurğulanıb ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb: “Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır”.

Qeyd olunub ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhər darboğazlarında hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra edir: “Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev və Qara Qarayev prospektləri və Zabrat yoluna istiqamətlənir. Nəticədə bu yollara doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşüb. Sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilib. Həyata keçirilən dəyişikliklər nəticəsində Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü saatda 950 avtomobil azalıb, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb.

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib”.

Qurumdan verilən məlumatda o da vurğulanıb ki, Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.

Aygün