Close

20:30
19 Sentyabr 2024

Son illərdə avtobusların sayı nə qədər artırılıb?

Bakı şəhərində yaranan tıxaclar əhalinin narahatlığına səbəb olur, gündəlik yaşayışı çətinləşdirir. Tıxacların yaranmasının qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edənlərin sayının artırılması təklif olunsa da, mövcud rəqəmlər ictimai nəqliyyatın sayının illər ərzində çox cüzi artdığını, əksinə avtomobillərin sayının kifayət qədər çoxaldığını göstərir.

TNS Dovlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2015-ci ildə ölkədə avtomobillərin sayı 1 milyon 322 min 610 ədəd olub ki, onlardan 1 milyon 129 min 596 ədədi minik avtomobili olub.

2023-cü ildə isə bu rəqəm 1 milyon 738 min 940-a yüksəlib. Onlardan 1 milyon 501 min 957-si mink avtomobili olub. Ölkədə hər min nəfərə düşən ümumi avtomobil sayı 2015-ci ildə 139, son rəqəmlərə görə isə 171-dir.

Son illər ölkəyə az sayda olsa da, elektrik mühərrikli avtomobillər də gətirilib. Belə ki, 2022-ci ildə 7 olan bu cür avtomobillərin sayı, ötən il 15-ə çatıb.

Təxminən 10 il ərzində isə ölkədə olan avtobusların sayında artım az (cəmi 403 ədəd) olub. 2015-ci ildə avtobusların sayı 31 min 57, ötən il isə 31460 ədəd olub.

Onu da qeyd edək ki, ekspertlər bu göstəriciyə görə ölkəmizin dünyada təxminən 107-ci sırada olduğunu bildirir. İqtisadçı Vüqar Bayramovun açıqlamasına görə, inkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zelandiya və ABŞ-dir. Həmin ölkələrdə hər min nəfərə uyğun olaraq 897 və 868 avtomobil düşür.

Region ölkələrdən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlər göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil.

Göründüyü kimi, tıxac problemi avtomobillərin sayından yox, başqa səbəblərdən qaynaqlanır.

Aygün