Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Bakıda keçilməz tıxaclar olacaq – Problemi yalnız bu yolla həll etmək mümkündür

Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Nəzərə alsaq ki, əksər ali və natamam ali təhsil müəssisələri, ölkənin əsas dövlət qurumları Bakı şəhərində yerləşir, bu halda yaxın günlərdə paytaxta insan axını başlayacaq. Bu da Bakıda ciddi sıxlıqlar, keçilməz tıxaclar yaradacaq.

Digər tərəfdən isə bu il Bakıda iki möhtəşəm beynəlxalq tədbir - "Formula-1" yarışları və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) baş tutacaq. Həmin iki beynəlxalq tədbirlə əlaqədar Bakıya xarici ölkələrdən çoxlu sayda turist gələcək. Nəticədə paytaxt Bakıda sıxlıqların yaranması qaçılmaz olacaq.

Paytaxtda problem yaranmaması üçün hansı tədbirlər görülməlidir? Aidiyyəti qurumlar tıxac və insan sıxlığının qarşısını almaq üçün nə etməlidir?

Nəqliyyat eksperti Elməddin Muradlı TNS-ə açıqlamasında bildirib ki, bu il Bakıda ciddi tıxac və sıxlıqların olacağı qaçılmazdır və məsələ ciddidir: "Əslində, ötən il də bu problem gözlənilirdi. Amma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün hazırlıq tədbirləri gördü və çox böyük problem olmadı. Yeni dərs ili və "Formula-1"-lə əlaqədar Bakı və ətraf ərazilərə işləyən ictimai nəqliyyat gücləndirildi, ciddi sıxlıqlar yaranmadı.

 Amma nəzərə alsaq ki, bu il "Formula -1" yarışı ilə yanaşı, həm də COP29 kimi böyük tədbir Bakıda keçiriləcək, iş bir az dəyişir.  Hazırda "Formula-1" yarışına hazırlıqlar davam edir. Şəhərin mərkəzi küçələri təmirə bağlanır, digər tərəfdən, COP29-a da hazırlıqlar başlayıb. Küçələr təmir edilir, binalar, obyektlər yuyulur, təmizlənir, divarlar yenilənir.  Buna görə də bu il tıxac problemi daha ciddi olacaq".

E. Muradlı bildirib ki, bu problemin qarşısını almaq üçün aidiyyəti qurumlar kompleks tədbirlər həyata keçirməlidir: "Vəziyyət araşdırılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu prosesdə ilk növbədə əsas yük ictimai nəqliyyatın üzərinə düşür.  Hazırda ictimai nəqliyyatın inkişafı tərrəddüdlüdür. Yəni hələ ki, Bakının ictimai nəqliyyatında inkişaf yoxdur. Yeni avtobuslar gətirilmir, yeni metro stansiyaları tikilməyib, yeni yollar salınmayıb. Əksinə, paytaxtdakı mövcud zolaqları kəsilib, avtobus, velosiped zolaqları yaradılıb və yaradılmaqda davam edir. O baxımdan da prosesə bir az da dərindən yanaşmaq lazımdır. Təəssüf ki, bizdə bir metro stansiyasının tikilib istifadəyə verilməsinə 3 ildən 10 ilə qədər vaxt sərf edilir. Metro stansiyalarının tikintisi sürətləndirilməlidir. Ona görə də bu problemlərin qısa müddətdə həllini tapacağını düşünmürəm".

Ekspert bildirib ki, problemin həllinin daha bir çarəsi Bakıya insan axınının qarşısını almaqdır: "Son illər Bakıya bölgələrdən axın o qədər sürətlənib ki, bəzi rayonlardan bütün kənd Bakıya gəlib, burada məskunlaşıb. Kəndlərdən ailələr işləmək üçün Bakıya yollanır. Bu problemin qarşısını almaq üçün isə bölgələri inkişaf etdirməliyik. Əks halda, Bakının sıxlıq və tıxac probleminin qarşısı alınmayacaq".