AYNA-nın yeni mübadilə mərkəzi – Sərnişinlər və sürücülər niyə narazıdır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.
Məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir.
Belə ki, metrostansiyanın cənub çıxışında avtobus dayanacağı, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb. Verilən məlumata görə, yenilik sayəsində sərnişinlərin avtobus, dəmir yolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmir yolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.
Qeyd edək ki, cəmi bir neçə gündür, istifadəyə verilən yeni nəqliyyat mübadilə mərkəzi ilə bağlı həmin ərazidə hərəkət edən sərnişin və sürücülərin narazılığı yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə də iradlar qeyd olunur. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan mərkəzin vəziyyəti çətinləşdirdiyi bildirilir. Metrodan əraziyə qədər məsafənin çox olması, sərnişinlərin şəhərə işləyən taksilərin əksi istiqmətə çıxışı, baş verən dəyişikliklə bağlı lazımınca məlumatın verilməməsi istifadəçiləri narahat edir.
Məsələ ilə bağlı TNS-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov yeni yaradılan mərkəzi bu sahədə atılan müsbət addım kimi dəyərləndirib.
O bildirib ki, bu cür HUB-ların sayını artırmaq lazımdır: "Bakının şimal, cənub qapısında da bu cür mübadilə mərkəzləri yaradılmalıdır. Bu HUB-lar sərnişinlərin səyahətini optimallşdırır. HUB-lar avtobus dayanacağı deyil, mübadilə mərkəzidir. Burada tamamilə başqa məqsədlər var. Məlumdur ki, bu da obyektiv səbəblərdən dolayı metro ərazisində ola bilməzdi".
Ekspert bildirib ki, mübadilə mərkəzinin yaradılmasında əsas məqsədlərdən biri sərnişinlərin səfərlərini asanlaşdırmaqdlr: "Bir ekspert kimi bunu alqışlayıram. Çünki burada optimallaşdırma həyata keçirilir. Uzaq məsafələrə səyahət edən sərnişin üçün nəqliyyatın müxtəlif növləri bir yerdə cəmləşib. Şəhər ətrafına səyahət etmək lazım olanda bir məntəqədən rahatlıqla səfər edə bilərik. Eyni zamanda, məqsəd odur ki, nəqliyyat sektorunda tətbiq ediləcək yeni texnologiyalar, innovasiyalar orada testdən keçirilə bilər. Uğurlu alınacağı halda, digər mübadilə mərkəzlərinin yaradılmasında da bu texnologiyalardan istifadə edilə bilər. Digər müsbət tərəfi informasiya təminatı məsələsidir ki, sərnişin ərazidə olan lövhələrdən birbaşa məlumat alır. Komfortlu gözləmə şəraiti var. Həmin ərazi sərnişin üçün daha təhlükəsizdir. Bunlar hamısı düşünülüb".
E. Cəfərov bildirib ki, vətəndaşlar metrodan HUB-a qədər olan məsafəni uzaq sayırlarsa, bu, subyektiv fikir də ola bilər:"Digər tərəfdən məsafənin uzaqlığı ilə bağlı müəyyən dəyişikliklər, yeniliklər həyata keçirmək olar. Onsuz da bu mərkəzlərin yaradılması sırf vətəndaşların rahatlığı üçün həyata keçirilir. Mərkəzin indi istifadəyə verilməsini payıza bir hazırlıq kimi də qiymətləndirirəm. Artıq indidən yeni mövsümün düşünülməsi müsbət haldır".
Aygün