Bakıda hava yerinə toz uduruq, çünki...

Son illər Bakıda havanın çirklənməsi ilə bağlı “SOS” siqnalı verilir. İstər mütəxəssislər, istərsə də rəsmi qurumlar ekoloji vəziyyətin ildən-ilə pisləşdiyini bildirir. Havada tozun miqdarının da kəskin şəkildə artdığı müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə mütəmati olaraq, məlumatlar yayır. Paytaxtda tozun miqdarının bu qədər artmasının səbəbi nədir?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən ekoloq Rövşən Abbasov deyib ki, bunun əsas səbəbi son 20 ildə şəhərdə aparılan tikintilərin sayının həddən çox artmasıdır: “Tikintilər, qazıntılar artdıqca hava daha da çirklənir. Çünki tikinti şirkətləri heç bir standarta əməl etmədən istədikləri yerdə tikinti və qazıntı işləri aparır. Tikinti aparılan ərazilərdə qalaq-qalaq tökülmüş toz, torpaq təpəciklərini hamımız müşahidə edirik. Güclü külək əsəndə bu təpəciklərdən yayılan tozlar bütün şəhəri bürüyür”.
Ekoloqun sözlərinə görə, bunun digər səbəbi Bakının cənub girişində, Qaradağ rayonu ərazisində xeyli daş karxanasının fəaliyyət göstərməsidir: “Orada da heç bir standarta əməl olunmadığı üçün toz yaranır, küləklə bütün şəhərə yayılır.
Bundan əlavə, transsərhəd tozlar da var. Məsələn Türkmənistandan, İrandan hava kütlələri vasitəsilə Bakıya toz gəlir. Amma o tozlar gələndə hiss olunur. Tozun miqdarı həddən artıq çox olur. Şəhərin özündə tozun yaranmasına səbəb tikintilər və daş karyerləridir, yəni əsas mənbə bunlardır”.
Ekspert havanın çirklənməsinə yaşıllıqların, ağaclıqların azalmasının da neqativ təsirlərinin olduğunu bildirib: “Bu baxımdan hər tərəfin yaşıllaşdırılması vacibdir. Çəmənlik və ağaclıq ərazilərdə toz daha az olur”.