Close

09:10
11 Mart 2025

Bakının bu ərazilərində yeni metro stansiyaları tikiləcək

Bakı metrosunun şərti adı “Y 14″ olan stansiyasının layihə sənədləri artıq hazırdır, maliyyə və digər məsələlər həll edilsə, onun tikintisinə başlayacağıq.

TNS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, “Y 15” stansiyasının artıq çalası qazılıb, “Y 16” stansiyasının isə 50% hissəsində tikinti işləri yekunlaşıb.

“Bakı Metropoliteninin gələcək inkişaf sxemində Qırmızı xəttin daha da böyüməsi, Mavi xəttin tikilməsi və digər işlər nəzərdə tutulur. Biz addım-addım bu planla gedirik. Bənövşəyi xəttin artıq 4-cü stansiyasında tikinti davam edir. Yaşıl xəttin davamı olaraq “Xətai” metrostansiyası ilə “Həzi Aslanov” metrostansiyası arasında şərti adı “Y 14”, “Y 15”, “Y 16” olan stansiyaların tikintisi hazırda getmir. Amma biz “Y 15” stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam etdirə bilərik.

Eyni zamanda bizim “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər Yaşıl xətdə də üç stansiyamız nəzərdə tutulub. Onların layihəsini hazırlamışıq. Start veriləndə işlərə başlaya bilərik. Bu stansiyaları tikmək üçün Bakı Metropoliteninin kifayət qədər texniki və zehni potensialı var”, –  baş mühəndis qeyd edib.

Əlixan Osmanov əlavə edib ki, “B 4” stansiyasında da hazırda qazıntı işləri aparılır: “8 Noyabr” stansiyasından ora qədər tunellər qazılıb. Hazırda tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə “B 4″ stansiyasının tikintisini başa çatdıra bilərik”.