Zabrat-Kürdəxanı yolunda səki yoxdur, piyadalar təhlükə altındadır

Zabrat-Kürdəxanı yolunda səki yoxdur. Piyadalar təhlükəli şəkildə maşın yolu ilə gedirlər.
TNS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, yolun “Zabrat” və “Məmmədli” dairələri arasındakı yolun kənarı enişli-yoxuşludur. Əraziyə yağış, qar yağan zaman palçıq olur. Yol kənarında maşınlar da dayanır ki, yolu keçmək çətinləşir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə paylaşılan “Məmmədli” dairəsində (Zabrat-Kürdəxanı yolunun sağ kənarı) göstərilən sahə Sabunçu və Abşeron rayonlarının sərhəd hissəsində yerləşir.
“Buna baxmayaraq, sakinlər tərəfindən qaldırılan məsələlərlə əlaqədar tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub. Yəqin ki, aidiyyəti qurumlar tərəfindən qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək”, - İcra Hakimiyyətndən bildirilib.