Close

21:47
19 Aprel 2024

Hazırkı kabinədəki 17 nəfərdən 15-i deputat seçilib - AKP-dən vacib açıqlama

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yeni hökumətin tərkibində kimlərin yer alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

TNS xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən Şamil Ayrım 67-ci hökumətdə yeni simaların yer alacağını bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan siyahı reallığı əks etdirmir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən formalaşdıracağı Nazirlər Kabinetinin kimlərdən ibarət olacağı hələlik məlum  deyil. Bununla bağlı sosial şəbəkələrdə yayılan siyahı həqiqəti əks etdirmir. Hazırkı hökumət üzvlərinin çoxu millət vəkili seçilib. Bizim əsas istəyimiz onların millət vəkili mandatından istefa verməməsidir. Budəfəki hökumətdə yeni simalar olacaq. Bunun üçün bir qədər səbirli olub, andiçməni gözləmək lazımdır", -deyə AKP funksioneri deyib.

Qeyd edək ki, Türkiyədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən ölkə başçısı seçilməsindən sonra qurulacaq yeni hökumətin tərkibi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzuda bir sıra kulis məlumatları yayılıb.

Hazırkı kabinədəki 17 nəfərdən 15-i parlament seçkilərində namizəd olaraq deputat seçilib. Qanunvericiliyə əsasən, prezidentli respublika olan Türkiyədə həm icraedici, həm də qanunverici hakimiyyətdə eyni vaxtda təmsil olunmaq qadağandır. Bu baxımdan yeni hökumətdə əksər nazirliklərə yeni simaların təyin olunması gözlənilir.

Bununla belə, parlamentə seçilmiş bəzi eks-nazirlərin də yenidən təyinat alaraq deputatlıqdan istefa verməsi ssenarisi gündəmdədir. Bir sıra mənbələrə görə, yeni hökumətdə kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişiklikləri də gözlənilir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyi iki hissəyə bölünə bilər.