Close

Ağıllı saat xərçəng xəstəliyini aşkara çıxarıb - Bu texnologiya 12 yaşlı qızın həyatını xilas edib

Sağlamlıq texnologiyalarının insan həyatını xilas etdiyi hekayələrə yenisi əlavə edilib. 12 yaşlı qız İmani Mayls üçün də ağıllı saat sadəcə aksesuar deyil, onun xilaskarı  olub.

TNS “Hour Detroit”ə istinadla xəbər verir ki,  qolundakı saat sayəsində İmani Maylsın anası qızının ürək döyüntülərinin artdığını görüb və onu xəstəxanaya aparıb. 12 yaşlı qızda uşaqlarda nadir görünən xərçəng növü aşkarlanıb.

Həkimlər xərçəngin onun bədəninin digər hissələrinə yayıldığını bildiriblər. Ancaq erkən xəbərdarlıq nəticəsində aparılan cərrahi müdaxilə Maylsın həyatını xilas edib.

Ötən həftələrdə bir ağıllı saat istifadəçisi ürək döyüntüsünün dəyişməsini görərək hamilə olduğunu necə öyrəndiyini sosial mediada açıqlayıb.

Qeyd edək ki, bu gün satışda olan modellər arasında ürək dərəcəsinin izlənməsi, SpO2 monitorinqi və EKQ kimi bir çox sağlamlıq texnologiyaları var. Ən son model ağıllı saatlar "toqquşma aşkarlama" funksiyası ilə avtomobil qəzalarını da aşkar edə bilir.