Close

14:25
19 Aprel 2024

Düşmənlərimizin ruhuna ömürlük qənim kəsilən Xüsusi Təyinatlı Qüvvələr kabusu...

Azərbaycanda  xüsusi təyinatlı hissələrin yaradılmasına 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra başlandı. Azərbaycanın istənilən şəraitdə, hətta cəbhə xəttinin bir neçə yüz kilometr dərinliyində döyüş və diversiya əməliyyatları apara bilən hərbi qüvvələri artıq mövcuddur. Yarandığı gündən xüsusi təyinatlılarımız çoxsaylı uğurlu əməliyyatları ilə adını dünya hərb tarixinə yazdırıb. 1997-ci ildə polkovnik X.Baxışovun rəhbərliyi altında hazırlanan xüsusi təyinatlı qrup 3 gün düşmən arxasında döyüş tapşırığını yerinə yetirib və geri dönmək ərəfəsində düşmənin duyuq düşməsi ilə sayca üstün qüvvənin mühasirəsinə düşməsinə baxmayaraq, sursatları bitənə qədər itki vermədən döyüb. Qəhrəmanlarımız bu qeyri-bərabər savaşda xeyli sayda düşməni məhv ediblər. Ən sonunda da əsir düşməmək üçün qumbara ilə özlərini partladıblar. Onlardan yalnız bir nəfər Aqil Əhmədov sağ qalmışdı. Aqil döyüşdə ağır yaralanaraq huşunu itirdikdən sonra əsir düşmüşdü. Aqil hazırda Azərbaycandadır. Xüsusi Təyinatlılarımızın həyata keçirdiyi uğurlu əməliyyatların sayı kifayət qədərdir. 

1636181856_751416_8tkxechcfq
XTQ yaranan zamanda bəlkə də heç kimin ağlına belə gəlməzdi ki, 2-ci Qarabağ – Vətən Müharibəsinin ən önəmli qələbələrini məhz elə bu güvvələr reallaşdıracaq. 1999-cu ilin aprelində isə Baş Qərargaha tabe olan əlahiddə xüsusi təyinatlı taborların bazasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri (XTQ) yaradıldı. XTQ-in formalaşmasında mövcud olan əlahiddə taborların və birinci Qarabağ müharibəsi iştirakçısı olan zabit və gizirlərdən geniş istifadə olundu. 29 aprel 2015-ci il tarixində qurulmasının 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı hissələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirildi. Azərbaycan XTQ-sinə yarandığı gündən Hikmət Mirzəyev rəhbərlik edib. 20 iyun 2020-ci ildə XTQ-nin tərkibinin genişləndirildiyi məlum oldu. Keçən il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki Azərbaycan-Türkiyə birgə təlimləri keçirildi. Təlimlər müharibədən sonra daha da intensivləşib.

Döyüşlərdə iştirakı

1636181844_883e03bb634027353bdf89272fc51536

İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir çox uğurlu əməliyyatlar ilə işğal altında olan ərazilərin azad edilməsində mühüm rol oynadı. Harda bir əhəmiyyətli uğur əldə edirdiksə, əməliyyatın altından XTQ çıxırdı. Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl, Hadrut və Şuşanın işğaldan azad etməsi də XTQ-yə aid əməliyyatlardır. Ümumiyyətlə Vətən Müharibəsində XTQ həlledici faktorlardan biri oldu.
 
Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin düşmən müdafiəsinin dərinliyində həyata keçirdiyi fəaliyyətlər nəticəsində mümkün oldu. Vətən Müharibəsində 7 müxtəlif güc strukturunun xüsusi təyinatlıları iştirak etdilər. Bu müharibə yaddaşlarda kütləvi şəkildə XTQ və PUA tətbiqi ilə yadda qalacaq. XTQ Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq ilə adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı.

XTQ-nin formalaşması

1636181841_fotojet-2020-12-21t121546-328

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. Türkiyədə “Bordo bereli”, “SAT/SAS”, ABŞ-da “Reyncer”, “Delta force”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion”, Finlandiyada “Yeger”, Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanda “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Azərbaycan XTQ-si öz fəaliyyətində bir çox ölkələrin təcrübəsindən istifadə edir. 

Güc strukturlarının xüsusi təyinatlıları

Azərbaycan Xüsusi Təyinatlıları hissə və bölmələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tabeliyində olan XTQ-dən və Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsindən, Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı hərbi hissələrindən, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı polis dəstələrindən, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarından və Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklərindən ibarətdir. Onların hər biri Vətən Müharibəsində digər birlik və hissələrlə parallel olaraq özünəməxsus əməliyyatlar həyata keçirib.

1636181965_982338

Döyüş hazırlığı

Xüsusi təyinatlı hissə və bölmələr Ordumuzun ən hazrlıqlı bölmələridir. Türkiyə Silahlı Qüvvələrinin “bordo beretliləri” adətən “komandoların komandosu” kimi təqdim edilir. Biz orduda komandoların yeni yaranmasını nəzərə alsaq, təxminən eyni təqdimatı olduğu kimi qəbul edə bilərik. XTQ-yə daxil olan hissə və bölmərinin döyüş hazırlığı, təlimləri və bacarıqları digərlərindən fərqlənir. Bu bölmələrin tərkibinə daxil olan qruplar tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində keçirilən kurs və təlimlərdən başqa ixtisaslarına uyğun olaraq Türkiyə, Pakistan, ABŞ, Gürcüstan və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edibər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.


Kurslarda xüsusi təyinatlı olmaq arzusunda olmaq istəyən namizədlərə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, assimetrik döyüş və s. kimi hazırlıqlar üzrə təlim keçirilir. İxtisasartırma kurslarında isə onlara əlavə olaraq istehkam, dağ, dalğıc və desant hazırlığı, müxtəlif yüngül və ağır silahların öyrədilməsi həyata keçirilir. Xaricdə isə onlar əsasən hava desant, dağ, antiterror, psixoloji hazırlıq və s. kimi kursların iştirakçısı olurlar. İstənilən halda əgə bir xüsusi təyinatlı hərbçimiz tünq qırmızı beretə layiq görülübsə, deməli o artıq həm idmançıdır, həm peşəkar snayperdir, həm tibb personalıdr, həm də əsl Döyüşçüdür. Xüsusi təyinatlılarımızn bir çoxu bir neçə xarici dildə, o cümlədən erməni dilində sərbəst danışa bilir. 

Təyinatı

Xüsusi təyinatlılar insan ayağı dəyməyən ən çətin ərazilərdə, ən mürəkkəb tapşırıqları icra etmək üçün hazırlanır. Bu hazırlıqlar müxtəlif kurslarda keçirilir və sonda iştirakçı namizədlər imtahana cəlb edilir. Kursu uğurla bitirən heyətə təntənəli şəkildə müvafiq sertifikat, fərqlənmə nişanları və tünd qırmızı rəngdə beret təqdim edilir və onlar Xüsusi Təyinatlı Qüvvələrin Komandanın əmri ilə xidmətlərini davam etdirmək üçün müvafiq vəzifələrə təyin edilir.


Silahlanması

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti xidməti vəzifələrinin yerinə yetirilməsində müxtəlif tipli avtomatik tüfənglər, snayper silahları, pulemyotlar, tapançalar,  tapança pulemyotlar, tank əleyinə idarəolunan raket kompleksləri, qumbara və qumbaratanlar, antimaterial silahlar, lazer tuşlayıcıları, gecə görmə gözlükləri, gecəgörmə vasitələri, termal kameralar, binokllar, siqnal tapançaları, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və s. istifadə edirlər. Xüsusi təyinatlı qrupun yerinə yeritəcəyi vəzifələrin xarakterinə uyğun olaraq şəxsi heyət ştat üzrə malik olduğu silahı digəri ilə dəyişə də bilər. Odur ki, bu bölmələr mövcud silah sistemlərinin ən yaxşılarına və onların da geniş çeşidinə malik olmalıdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilən silahlar, həm imkanlarına, həm də peşəkar döyüşçülərin seçim imtiyazlarının nəzərə alınması və şəxsi qiymətləndirmələrinə əsasən əldə edilməlidir.  

Nəticə 

Xüsusi Təyintlı Qüvvələr Azərbaycanın həm vuran qoludur, həm də görən gözü. Görünmədən görən, ölmədən dönən” XTQ-miz daim fəaliyyətləri ilə köksümüzü qabardıb. İlk dəfə 1997-ci ildə başlayan uğurlu ənənə, 2016-cı ilin Aprelində və  Vətən Müharibəsində davam edib. Ümumiyyətlə XTQ yaranandan sonra bizim bilmədiyimiz və şitmədiyimiz çoxsaylı əməliyyatlardan üzüağ çıxıb. Məhz buna görə də Ermənistn ordusunun ən qorxulu kabusu məhz Azərbaycan XTQ-sidir. Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə olaraq 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördülər. Məhz bu döyüşlərdən sonra düşmənlərimizin canına və ruhuna kəskin XTQ kabusu ömürlük hakim kəsildi.
Azərbaycanın Ali Baş Komandanı İ.Əliyev daim XTQ-nin silahlanmasına, təchizatına və təminatına xüsusi diqqət yetirir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Yerli sənayemizin istehsal etdiyi məhsullar da XTQ tərəfindən döyüşlərdə uğurla istifadə edilib.
 
2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimiz hərb tarixinə yazılacaq böyük qəhrəmanlıqlar nümayiş etdirdilər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri oldu. Onların qayalara dırmaşaraq Şuşa şəhərini azad etməsi dünya hərb tarixinə düşdü. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində araşdırılır.
 
Şuşa əməliyyatı səsboğucuya malik tapançaların və süngü-bıçaqların hələ də XTQ üçün aktual silah olaraq qaldığını nümayiş etdirdi. Yerli sənayemizin səsboğucuların, kollimatorların, lazer işarələyicilərinin, xüsusi gecəgörmə gözlüklərinin, elektron optik nişangahların, süngü-bıçaqların, səssiz sursatların və bu sursatlardan istifadə edən atıcı silahların istehsalı istiqamətində fəaliyyətlərini genişləndirməsi məqsəduyğun hesab edilə bilər. Adı çəkilən avadanlıqlara silah bazarında tələbat da mövcuddur.
 
P.S. XTQ-nin yaradılmasına qədər qədər artıq 2 dəfə Türkiyədə təlimlərdə olmuşdum. Bir dəfə NATO təlimlərində briqadanın kəşfiyyat rəsi vəzifəsində, digərində isə Türkiyə Quru Qoşunlarına aid hərbi hissədə kəşfiyyat üzrə inspektor kimi türkiyəli həmkarımla birgə yoxlama aparmışdım. Həmin dövrdə ilk dəfə TSQ-nin kəşfiyat, komando və “bordo beretli” hissə və bölmələri, onların vəzifələri və strukturu barədə bəzi məlumatları əldə etmişdim. Bu modelin Azərbaycanda tətbiqinə dair təkliflərimi birbaşa rəisimə yazılı raportla təqdim etmişdim. XTQ Komandanı Hikmət Mirzəyev həmin dövrdə də Türkiyədə Hərbi Akademiyada təhsil alırdı. Görüşüb bu mövuda qısa müddətli fikir mübadiləsi də aparmışdıq. Amma o zaman heç kim düşünməzdi ki, zaman gələcək XTQ yaranacaq, Azərbaycan ərazilərini işğaldan azad edilməsində XTQ müstəsna rol oynayacaq və Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, “Vətən Müharibəsi Qəhrəmanı” Hikmət Mirzəyev “Qarabağ Fatehi” titulunu haqq edəcək. Tək XTQ-dən 36 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi faktı çox şeydən xəbər verir. 
 
Sonda qeyd etmək istərdim ki, biz sizi şəxsən tanımasaqda hər birinizə canımızla, qanımızla borcluyuq. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. XTQ-nin bütün şəhidlərinə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Sağ qalan qəhrəmanlarımıza isə arzuların ən yaxşısını arzu edirəm, çünki siz hər şeyin ən yaxşısına layiqsiniz. Sizin kimi mərd oğulların adı Azərbaycan tarixinə əbədi yazıldı!
(Snayper hazırlığı, paraşütlə tullanma, ekstemal dəniz əməliyyatları, minlaraın zərərsizləşdirilməsi üzrə ustalıq, estremal şəraitdə sağ qalmaq bacarığı və s) hamısını müvəffəqiyyətlə verərək özünü təsdiq etmişdir.


 
Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az