Close

Gəncləri “zombiləşmədən” və dağıdıcı missiyanın qurbanına çevrilməkdən necə qoruyaq? - Surə Seyid yazır

Dövlət siyasəti bir çox təməllərə dayansa da üç əsas istiqamət onun var olma səbəbidir: sosial-iqtisadi siyasət, gənclər siyasəti və ordu quruculuğu. Gənclər hər bir dövlətin insan kapitalının özəyini təşkil edir. Ölkənin gələcək inkişafı sağlam mühitdə yetişdirilən sağlam düşüncəli gənclərdir. Bu səbəbdən ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin prioritet istiqamətləri bu gün ölkə Prezidenti İlham Əliyevin bu siyasətə yeni yanaşmaları ilə uğurla davam etdirilir. Qloballaşan və informasiyalı cəmiyyətə çevrilən dünyamızda gənclərlə bağlı siyasətin yeni konturları cızılır.

Azərbaycan Gəncləri Gününün 25-ci ildönümünə həsr olunmuş Forumunda ölkə başçısının gənclər qarşısındakı çıxışı və suallara cavabları bu sahədəki problemlər, mövcud vəziyyət və gələcək perspektivləri müəyyənləşdiməyə imkan verir. Bəs ölkə başçısının gənclərə mesajları nə idi? Nələrə diqqət etməli, nələrdən qorunmalı və nələri qorumalıyıq?

1643804163200081560_1000x669

İlk növbədə, tariximizi unutmamalı, tariximizi yaşatmalı və tarixdən ibrət götürməli!…Bu deviz Prezident İlham Əliyevin çıxışının əsasını təşkil edir. Tarixi bilmək və öyrənmək düzgün təhlil aparmağa və inamla irəliyə getməyə kömək edir. Yalnız o halda beynəlxalq aləmdə layiqli yer tutmaq olar ki, tariximizi və mövcud reallıqları böyük kürsülərdən dünya ictimaiyyətinə çatdıra bilək. Tariximizin araşdırılması ilə bağlı gənclərimizin üzərinə böyük vəzifələr düşür. Bu sahədə yeni araşdırmalar aparmaq, qaranlıq məqamları aydınlaşdırmaq, dünyanın tanınmış elmi nəşrlərində müxtəlif dillərdə məqalələr yayımlamaq, elmi fəaliyyət planında Azərbaycanşünaslıqla bağlı məsələlərə üstünlük vermək tariximizi yaşatmağın, təbliğ etməyin ən mühüm və vacib vasitəsidir.  Əsaslı dəlillərlə sübuta yetirilmiş tarix hər bir ölkənin ərazi bütövlüyünün, tarixi mövcudluğunun qarantıdır. Tarixi faktlar və sənədlər nə qədər əsaslı olarsa, beynəlxalq aləmdə xalqların və dövlətlərin özünüifadəsi bir o qədər asan olar.

Gənclərlə bağlı siyasətin təməlində onların təşəbbüslərinin dəstəklənməsi dayanır. Yalnız o yerdə gənclərin inkişafından danışmaq olar ki, orada onların fikirləri və baxışları dəstəklənsin, gənclik sağlam təməllər üzərində inkişaf etsin və qazanılan bütün uğurların arxasında dövlətin gücü və mənafeyi qorunmuş olsun. Məhz bu istiqamət ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan qurmaq yolunda attığı ən mühüm addım idi. 

“Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur” deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməlində məhz bu siyasətin durduğunu və bu gün onun verdiyi bəhrələrin vətənpərvər və qətiyyətli Azərbaycan gəncini yetişdirdiyini göstərdi.

“Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur!”- bu fikirlər qalib Ali Baş Komandanımızın gənclərə çağırışıdır və bu çağırış bizim qalib xalq kimi manifestimiz olmalıdır.

“Müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub”…Bu fikirlər ölkə başçısının gənclərlə görüşündə vurğuladığı ən mühüm cəhətlərdən biri idi…Müasir Azərbaycan gənci dünyaya inteqrasiya etsə də milli-mənəvi dəyərlərin daşıyıcısı olduğunu unutmamalıdır. Hansı ölkədə təhsil almasından, yaşamasından asılı olmayaraq, öz soy-kökünə bağlılıq, milli dəyərləri yaşatmaq gənclər üzərinə düşən ən mühüm vəzifədir.

Keçmişi olmayan xalqın gələcəyi də ola bilməz. Məhz gənclik bu dəyərləri qorumalı, onu gələcək nəsillərə ötürməli və yaşatmalıdır…Qüdrətli dövlətlər milli-mənəvi dəyərləri, zəngin tarixi keçmişi ilə öyünür və inkişaf edir. Azərbaycan gənci bu dəyərləri qoruyub saxladıqca dövlətimiz daha qüdrətli, xalqımız əbədi azad, müstəqil xalq kimi yaşayacaqdır.

Yeni Dünyamızda dövlətlərin apardığı siyasəti anlamaq yeni baxışlar və yeni yanaşmalar tələb edir. Böyük dövlətlərin güc tətbiq etməklə dünyanı idarə etmək cəhdləri artıq öz yerini qloballaşma adı altında hədəfə aldığı ölkələrdə gənclərə təsir etmək, müxtəlif missiyalara və cərəyanlara cəlb etmək, kosmopolit gənclər yetişdirmək missiyasına verib. Biz bu məqsədləri anlamaqda ayıq olmalı, təhlükələri vaxtında sezməli və gənclərimizi belə təhlükələrdən, kənar təsirlərdən qorumalıyıq. Milli maraqlar hər şeydən üstün olmalı, təhlükələr vaxtında dəf edilməli, müqavimət göstərməkdən çəkinməməliyik. Bu yanaşma ölkə başçısının gənclərə xəbərdarlığıdır. Gənclər bu xəbərdarlıqdan nəticə çıxarmalı və müstəqilliyimizin keşiyində durmalıdırlar.

Ölkəmizi “qlobalistlər”dən və onların missioner fəaliyyətindən qorumaq dövlətimizin ən ümdə vəzifəsidir. Lakin burada gənclərin fəaliyyəti dövlətin apardığı siyasətlə üst-üstə düşməli, hədəflə mübarizədə eyni cəbhədə dayanmalıdır. Bununla bağlı maarrifləndirmə işləri orta təhsil müəssisələrində, ali məktəblərdə və gənclərin daha çox təmsil olduğu qurumlarda aparılmalı, tədbirlər görülməlidir. Azərbaycan gəncləri heç bir halda “zombiləşməməli” və dağıdıcı missiyanın qurbanlarına çevrilməməlidirlər. Müxtəlif fondların, layihələrin şirnikləşdirici dəvətləri gənclərimizi aldatmamalıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi müasir dövr istənilən qurumu və təşkilatı araşdırmaq üçün bizə geniş imkanlar verir. Bu imkanlardan istifadə edərək qurbana çevrilmək təhlükəsini dəf edə, dövlət təhlükəsizliyimizin qorunmasında öz vətəndaşlıq borcumuzu yerinə yetirə bilərik.

Təhsil siyasəti gənclərlə iş sahəsində önəmli yer tutur. Məhz təhsilin səviyyəsi gəncliyin inkişafını, formalaşmasını və cəmiyyət üçün yararalılılığını müəyyən edir. Müasir dünyamızda gənclər ölkə xaricində təhsil almağa üstünlük verir, müxtəlif dövlət proqramlarına qoşulur və ya sərbəst müraciətlər edirlər. “Bütün bunlarda əsas məqsəd xalqımızın intellektual potensialının möhkəmləndirilməsidir”-deyən ölkə başçısı xaricdə təhsillə bağlı dövlət proqramlarının bundan sonra da davam etdiriləcəyini və məzunlarla iş sahəsində önəmli addımların atılacağını vurğulayır.

Bir faktı da qeyd edək ki, dünyanın nüfuzlu ali təhsil müəssisələri məzunlarla iş sahəsinə xüsusi önəm verir, bu sahədə müxtəlif layihələr həyata keçirir, onların gələcək fəaliyyətini nəzarətdə saxlamaqla nəticələr əsasında müxtəlif təhlillər aparır, gələcək hədəfləri müəyyən edirlər.

Təhsil siyasəti ilə bağlı diqqət yetirilməli məqamlardan biri də Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin diplomlarının dünyada tanıdılması və bu müəssisələrin beynəlxalq reytinq cədvəllərində yer tutmasıdır. Bu iş nə qədər uğurla həyata keçirilsə, Azərbaycan təhsili dünyaya o qədər sürətlə inteqrasiya edəcəkdir. Təhsilin inteqrasiyasında diqqət yetirilməli məqamlardan biri, Azərbaycana gələn əcnəbi tələbə sayının xaricdə oxumağa üz tutan azərbaycanlı gənclərin sayı ilə nisbətinin illər üzrə təhlil edilməsidir. Nəzərə almaq lazımdır ki, bu təhlillər mövcud reallığı göstərməklə iqtisadi tarazlığın qorunmasına və dövlətin təhsil siyasətinin strateji hədəflərinin müəyyənləşməsinə kömək edəcəkdir.

İnformasiya təhlükəsizliyi müasir dünyamızın gündəmində olan priorotet mövzusudur. İnternet və sosial şəbəkələr informasiya mənbələrini əlçatan etsə də, jurnalistikada yeni dəbə düşən feyk-nyus bəzi ölkələrin siyasi təsir vasitəsinə çevrilib. İnformasiyanın yayılması və cəmiyyətə ötürülməsi maraqlar üzərindən həyata keçirilir və artıq XX əsr jurnalistikasının müəyyənləşdirdiyi prinsiplər  demək olar ki, öz yerini yeni maraqlara və tələblərə verir. Gənclər elektron məkanda gedən bu prosesləri izləməli, yalanı həqiqətdən ayırd etməyi bacarmalı, feyk informasiya axınının daşıyıcıları olmamalıdır. Bu məsələ ilə bağlı gənclərlə görüşündə narahatlığını ifadə edən ölkə başçısı ayıqlığı qorumağı və belə siyasi oyunları anlamaq üçün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətini izləməyi və provakasiyalara getməməyi tövsiyə edir.

“Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Yəqin ki, bu təşkilatların adı hər birinizə tanışdır. İnternetdə bu təşkilatların fəaliyyəti haqqında yetərincə informasiya əldə etmək olar. Bizim üçün əsas məsələ bu qurumların Azərbaycanla bağlı mövqeyi və Azərbaycan-Ermənistan münaqişəsində kimin tərəfində dayanmaqlarıdır.

Yuxarıda qeyd olunan təşkilatların antiazərbaycan mövqeyini ifadə edən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. “Human Rights Watch” təşkilatının 2022-ci ildə nəşr etdiyi 2021-ci ilin yekunlarına həsr olunmuş dünya hesabatında yazılıb: “Rəsmi məlumatlara görə, müharibədə Ermənistan tərəfdən 71 məktəb, Azərbaycan tərəfdən isə 54 məktəb dağıdılmışdır. Məktəblərə vurduğu ciddi ziyanla bağlı məlumatı Azərbaycan hələ təsdiq etməmişdir. Azərbaycan silahlı qüvvələri yaşlı və mülki şəxləri, o cümlədən hərbçiləri fiziki işgəncələrə və təhqirlərə məruz qoymuşlar” və s. kimi absurd və həqiqətə uyğun olmayan fikirlər..Təkcə bu feyk məlumat onu deməyə əsas verir ki, bu qurumlar antiazərbaycan mövqeyini hələ də davam etdirir və məkrli planlarından əl çəkmirlər.

Müzəffər Ali Baş Komandan dəfələrlə çıxılarında bildirib ki, Azərbaycan ordusu mülki şəxlərə və uşaqlara ziyan vurmayıb, Azərbaycan ordusunun hədəfi yaşayış məntəqələri, məktəblər və xəstəxanalar olmayıb.

Ermənistan hakimiyyətini və Ermənistanın siyasi maraqlarını müdafiə edən bu qurumların məqsədi bəllidir: Azərbaycanın geosiyasi mövqeyinin itirilməsi, daxili proseslərə təsir etməklə xalq və hakimiyyət arasında münaqişənin yaradılması və ölkənin gələcəyi olan gənclərin şüuruna təsir etməklə onların kənar maraqlara xidmət etmələri. Prezident İlham Əliyevin “Gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər”-çağırışı bir SOS-dur. Gələcək təhlükələrə qarşı SOS!

Gənclərin fiziki sağlamlığı önəmli faktorardan biridir. “Sağlam bədəndə sağlam ruh olar” deyimi bütün dövlər üçün aktualdır. Sağlam gənclik sağlam cəmiyyətdir, sağlam ordudur, sağlam gələcəkdir. Sağlamlıq gənclərə özünəinam hissini aşılayır və onları daha inamlı və cəsarətli edir. Sağlamlığı qorumaq üçün idmanın kütləviliyinə ehtiyac var. Ölkə başçısının gənclərlə görüşündə idmanın zərurəti və faydaları xüsusi vurğulanıb və gənclərin zərərli vərdişlərdən uzaqlaşmasında ən faydalı təsir vasitəsi olduğu bildirilib.

Bildiyimiz kimi, müasir dövrün bəlalarından olan içki aludəçiliyi, narkomaniya, siqaret asılılığının fəsadları gənclərdə daha çox özünü büruzə verir. Bu bəlalardan qurtulmağın yeganə rolu idmandır. İdman həm də bir çox xəstəliklərdən qorunma vasitəsi, psixoloji gərginlik və depressiyadan çıxmağın ən təsirli yollarından biridir. Bu səbəbdən gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olmağı həyat təzinə çevirməli və sağlamlıqlarını qorumalıdırlar.

Gənclər ölkəmizin istisadi və siyasi həyatında fəal olmalı, innovativ yeniliklərin və startap layihələrinin həyata keçirilməsində aktiv iştirak etməli, dünyada gedən proseslərdən nəticə çıxarmağı bacarmalıdırlar. Ölkədə sabitliyin və birliyin qorunmasıda da gənclərin rolu əvəzsizdir. Gənclərin “Dəmir yumruq” ətrafında sıx birləşməsi düşmənlərə gücümüzü göstərməklə yanaşı, onu əyilməz və sasılmaz edə bilər.

UNICEF-in eks icraçı direktoru Henreitta For yaşlı nəsillərlə müqayisədə gəncləri belə dəyərləndirirdi: "Dünya gəncləri ümidlidirlər, daha qlobal ideyaya malikdirlər və dünyanı daha yaxşı bir yerə çevirməyə qərarlıdırlar. Bu gün gənclər gələcəklə bağlı narahatlıqlarını bildirir, amma özlərini həll yolunun bir hissəsi hesab edirlər. Uşaqlar və gənclər 21-ci əsrin ruhunu valideynlərindən daha asan təcəssüm etdirirlər".

Artıq dünyamız virtuallaşır, meta kainat yaradılır, insanların virtual mühitdə əlaqə qurmasına imkan verən rəqəmsal dünya qurulur. Dünyamız fiziki və virtual reallıqları birləşdirən internetin inkişafının növbəti mərhələsini yaşayır. Rəqəmsal dünyamızın qurucuları gənclərdir. Bu yenilikləri öyrənmək və tətbiq etmək onların üzərinə düşür…Çalışaq, real həyatda olduğu kimi, virtual dünyamızda da Azərbaycan üçün, Azərbaycanla birgə və Azərbaycan naminə çalışaq!

Surə Seyid

Filologiya üzrə fəlsəfə doktoru, dosent