Close

Daş qayaya rast gəlib – Bu xəmir hələ çox su aparacaq

...Zaman qarışıq halı, boz-bulanıq havası ilə Ukraynada çalxanmaqda davam edir. Bütün dünyanın nəzər-diqqəti atəşlər səsləri susmayan, odu-alovu səngiməyən bu slavyan torpağına yönəlib. İrqindən, dilindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu qanlı müharibənin həyacanını, eləcə də, qlobal xarakter alma  təhlükəsinin təşvişini yaşamaqdadır.

Dünyanın bir parçası olaraq biz də bu narahatlığın, nigarançılığın içindəyik. Müharibə fəlakətinin ağrı-acısını öz varlığında yaşamış bir xalq kimi  bu qanlı qarşıdurmanın dayandırılmasını, dinc yolla, haqq-ədalət müstəvisində həllini daha çox istəyirik. Çünki işğala  məruz qalmağın nə demək olduğunu yaxşı bilirik. Doğma yuvasından perik düşüb qaçqın, köçkünlük səfalətinin necə ağır dərd olduğunu daha çox dərk edirik. Təbii ki, yurd uğrunda döyüşməyin müqəddəsliyini, bu yolda şəhid olmağın şərəfliyini də,  haqqın qələbəsinin, ədalətin təntənəsinin şirin dadını da...

Odur ki, Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizəsini, işğalçıya qarşı inadlı dirənişini dəstəkləməklə, amansız savaşın dayandırılmasını, bu yöndə atılan siyasi  addımları, göstərilən diplomatik səylərı də təqdir edirik. Tərəflərin barışıq çağırışlarına müsbət yanaşması, danışıq masasına oturmaları sülhə ümidlərimizi az da olsa, artırır. Hazırkı aktiv döyüş dönəmində isə ən önəmli faktor kimi, fikrimizcə, humanitar atəşkəsin yaradılması, mülki əhalinin döyüş zonalarından çıxarılmasıdır.

Bu  mənada, Türkiyə dövlətinin vasitəçiliyilə Antalya şəhərində  Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünə inamımız da böyük idi. Düzdür, bu vacib danışıqlarda hər hansı bir razılıq əldə olunmadı, amma  başlanğıc  kimi mühüm önəm kəsb etməsi  şübhəsizdi. Ən başlıcası bu, baş tutdu və danışıqların növbəti mərhələlərinə yaşıl işıq yandırdı.

Görüşdə  məyusedici cəhət isə Ukrayna xarici işlər nazıri Dmitri Kulebanin mətbuata  açıqlamasında dediyi kimi, 24 saatlıq humanitar atəşkəsə Rusiya tərəfinin biganəliyi oldu. Əlbəttə, təəssüf ediləsi gözləntidir. Çünki sivil müharibənin  ən önəmlü  amili, məhz, tərəflərin humanitar dəhliz məsələsinə riayət etmələri, mühasirə bölgəsində qalan dinc sakinlərə ən zəruri ehtiyacların çatdırılması, məzlum, məsum kütlənin evakuasiyasıdır. Əslində, hər iki tərəf üçün məqbul amil (müvəqqəti olsa da) döyüşün dayandırılması, həlak olanların, yaralıların çıxarılması, eləcə də, zəruri  insani tədbirlərin görülməsi olmalıdır. Axı, günlərdir, mühasirə məngənəsində əzilən, ən adi insani şəraitin məhdud olduğu sığınacaqlarda olum-ölüm dillemasında qalan insanların, eləcə də döyüçülərin buna daha çox ehtiyacları var. İşıqsız, qazsız, susuz, ən zəruri ehtiyacların tükəndiyi şəhər və kəndlərdə mühasirə girdabına düşən insanların nələr çəkdiyi sözlə ifadə olunmaz faktlardır.

Hazırda Ukraynanın bir çox yaşayış məntəqələrində, o cümlədən Xarkovda acınacaqlı vəziyyət hök sürür. Hətta Mariupolda vəziyyəti İkinci Dünya Müharibəsi zamanı faşistlərin Leninqradı saldığı ölümcül mühasirə ilə müqayisə edirlər. Belə ki, bu liman şəhərinin su, elektrik, istilik, ərzaq təchizatı tamamilə kəsilib. Təxliyə üçün qatarla əlaqə vasitəsi  məhv edilib. Orada, eləcə də Xarkov, Kiyev kimi böyük şəhərlərdə  göydən və  yerdən yağdırılan intensiv atəş altında qalan, metro stansiyalarında və digər sığınacaqlarda olan dinc sakinlərin vəziyyəti ürək parçalayan faktlardandır.

Bu qarşıdurmada təssüf doğuran digər nüans beynəlxalq müharibə qanunlarına, humanizm normalarına əməl edilməməsi, insani dəyərlərin unudulması, hərbi hədəflərlə yanaşı, yaşayış binalarının, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların dağıdılması, eləcə də dinc sakinlərin təxliyyəsi zamanı körpələrin, qadınların, yaşlı adamların atəşə tutulub öldürülməsidir.

Müharibədə qorxu, təlaş, təslimçilik xofu yaratmağa yönələn bu acımasız taktika Birinci Qarabağ savaşı zamanı erməni cəlladlarının başımıza gətirdiyi müsibətləri, ağrı-acıları yadımıza salır, xocalıların mühasirə məngənəsində yaşadığı faciələri xatırladır.

Eləcə də, həmin dövrdə işğal olunan digər rayonlarımızda  yaşanan qətliamlar, faciələr göz önünə gəlir. Dinc, əliyalın soydaşlarımızın səfalət girdabına salınmaqları, işğalçı qəddarların körpələrə, qadınlara, ahıllara belə rəhm etməmələri ürək parçalayır...

Bəli, Rusiya-Ukrayna müharibəsi müstəvisində baş verən hadisələr düşüncəmizi, ixtiyarsız olaraq, çox da uzaq olmayan tariximizdə yaşadığımız acılara, göynəkli günlərə yönəldir. Günahsız, evsiz-eşiksiz qalan, ölüm kabusundan xilas olmaq üçün Ukraynanın şərqindən qərbinə köç edən, qonşu dövlətlərə sığınmağa üz tutan insanların timsalında bir milyondan çox soydaşımızın çəkdiyi əzabları, əziyyətləri xatırlayası oluruq.

Əlbəttə, bunları qeyd etməklə, Birinci Qarabağ mübaribəsi ilə bu savaş arasında paralellər aparmaq məqsədində də deyiləm. Bu, bütün müharibələrin amansız hökmü, acımasız gerçəkliyidir. Və bunu işğala düçar olan xalqlar, o cümlədən, yaxın tarixdə əfqanlar, suriyalılar, liviyalılar və digərləri  yaşayıb və ya yaşamaqdadır. Heç mövzunu ora da yönəltmək istəmirəm ki, dünya  bu hadisələrə biganə qaldı, özlərini demokratiyanın, ədalətin dayağı adlandıran böyük dövlətlərin bir çoxu onların üzlərinə qapıların bağladı...

Düşüncələrimə ordan davam etmək istəyirəm ki, digərlərindən fərqli olaraq, həmin dövlətlər bu məsələdə  ukraynalıların tərəfində oldu, onlara doğma, isti münasibət göstərir. Haqqı tapdalanan, yurdu-yuvası talan olunan insanlara dayaq durub isti qucaq açırlar. Bu, ən ali insanlıq göstəricisi, humanistlik nümunəsi kimi çox diqqətəlayiqdir. Hazırda 2,5 milyondan çox ukraynalı dinc sakini Qərb ölkələri  pənahına alıb və bu mühacirət köçü hər gün davam etməkdədir. Və ümid edək ki, tezliklə  tərəflər arasında humanitar atəşkəs razılığına gəlinəcək, intensiz bombardman, atəş yağmuru altında sığıncaqlarda yaşam mücadiləsi verən insanların da təxliyyəsinə nail olunacaq.

Müharibənin bitməsi, münaqişənin haqq-ədalət müstəvisində həlli istiqamətində siyasi, diplomatik səylərin artması da sülhə inamımızı artırır. Buna  Türkiyənin Antalya şəhərində keçirilən və dünya dövlətlərinin siyasi elitasının təmsil olunduğu diplomatiya forumu canlı nümunədir. Bu mötəbər və hazırki dünya dönəmində müstəsna əhəmiyyəti, vacib gərəkliyi ilə səciyyələnən tədbirdən  gözləntilərimiz də çoxdur.

O ki, qaldı müharibənin bundan sonra hansı məcrada davam etməsinə və ya necə bitəcəyinə, bu proqnozu verməkdə siyasi analitiklər, hərbi ekspertlər belə çətinlik çəkir. Hücum faktorunun aktivliyi, intensiv xarakteri, əhatə dairəsinin genişliyi, eləcə də müdafiə gücünün günbəgün artan dinamikası  müharibənin yaxın zamanda bitməyəcəyi qənaəti yaradır. Rusiyanın işğalçı mövqeyində inadkarlığı, məqsədinə çatmaq naminə ən amansız üsullara belə əl ata biləcəyi faktoru, təcavüzlə barışmayan Ukrayna xalqının milli birlik əzmi, Vətəni müdafiə ruhu müstəvisində dirəniş amili savaşın uzun müddətli olacağı ehtimalını irəli sürməyə imkan verir. Yeri gəlmişkən, Qərb dövlətlərinin Ukraynanın hərbi arsenalını gücləndirmək dəstəyi, hətta, əcnəbi muzdlu döyüşçülərin, xaricdə yaşayan ukraynalıların döyüşlərə qatılması, işğalçıya qarşı  müqavimətin gücünün artması kimi də diqqət çəkir. Hazırda Ukrayna ordusunda yaradılan xarici legionda 40 mindən çox əcnəbi və xaricdə yaşayan ukraynalının döyüşdüyü deyilir. Və onlar Qərb dövlətlərinin verdiyi müasir hərbi silahlarla, raketlərlə, hərbi texnikalarla rus ordusuna qarşı döyüşür. Bu sırada Rusiya tərəfdən də suriyalı və könüllü dəstələrin olduğu xəbərləri yayılır. Müharibəyə Belarusun qatılma ehtimalı da istisna edilmir.

Bütün bunlar min illərin sınağından çıxan atalar sözünü yada salır: “Deyəsən, bu xəmir çox su aparacaq”. Sanki daş qayaya rast gəlib. Bu müharibədə də qabarma və çəkilmələr çox olacaq. Daş olan çox, qaya olan az əziləcək. Və beləcə müharibə nə qədər uzansa da, gec ya tez hər iki tərəf tükənəcək, ağır nəticələr sözünü deyəcək, sonluq isə diplomatik masa arxasına aparacaq.

Sonluq yenə siyasi diplomatiyanın - ağlın, zəkanın  süzgəcindən keçəcək. Nəticədən, tərəflərin  itkilərinin çox və ya azlığından asılı olmayaraq, qazanan olmayacaq, yararlananlarsa bu müharibə ocağını körükləyənlər olacaq.

Allahverdi Aqil