Close

22:51
28 Mart 2024

Zəngəzur qədim Azərbaycan yurdudur – Bunu vaxtilə ermənilər özləri də etiraf edib

Son dövrlərin ən aktual mövzularından biri də Zəngəzurdur. Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açlması istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu vurğulayıb. Bütün bunları nəzərə alaraq, Hacı Abdullanın “Zəngəzur bölgəsi: qədim dövrlərdən 20-ci əsrin əvvəllərinədək” adlı məqaləsini təqdim edirik:

Zəngəzur Azərbaycanın çox böyük tarixi keçmişə malik bölgə­lə­rin­dən biridir. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qəzalarından biri olmuş Zəngəzur Ermənistan Respublikasının Go­rus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zən­gilan rayonlarından ibarət  7.892 kv. km ərazini əhatə edir.

urud_3

Sovet rejimi illərində Zəngəzurun tarixi az öy­rənilib, diqqətdən kənarda qalıb, yaxud bilərəkdən tədqiqatlardan aralı sax­lan­ılıb. Heç şübhə yoxdur ki, burada ermənilərin də güclü təsiri, bədnam xidmətləri ol­ub. Bu bölgəni erməni torpaqları kimi təqdim edən erməni tarix­şü­nas­lı­ğı uzun illər ərzində tariximizi həyasızcasına təhrif edən, torpaqlarımızı min bir fitnə-fəsadla özününküləşdirən, xalqımızın milli mən­li­yinə dəhşətli zərbələr vuran yüzlərcə kitab yazıb, dünya dillərinə tərcümə edə­rək yayıblar.

Təsadüfi deyildir ki, ulu öndər Hey­dər Əliyev qədim Azərbaycan torpağı olan, Azərbaycandan zorla qopardılan Zəngəzurun açılmamış və öyrənilməmiş sir­lə­ri­nin öyrənilməsi və xalqımıza çatdırılmasını çox önəmli mə­sə­lə­lər­dən biri kimi tarixçilərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdu.

Zəngəzurun qədim tarixi haqqında türk, fars və ərəbdilli qaynaqlardan, həmçinin təhriflərlə olsa da, erməni salnaməçilərinin müasir dövrümüzə qədər gəlib çatmış əsərlərindən çıxan ümumi nəticə budur ki, demoqrafiyası, maddi mədəniyyəti, etnoqrafiya və arxeologiyası, abidələri ilə ZəngəzurAzərbaycan türklərinin yurdudur.

Zəngəzurun ulu, qədim tarixi həm də arxeoloji qazıntılar, aşkar edilən maddi sübutlarla da öz təsdiqini tapır. Ümumdünya mədəni irsində layiqli yerini tutan Azıx mağarasına yaxın ərazidə yerləşməsi, şimaldan Xocalı-Gədəbəy mədəniy­yəti ilə, şərqdən Quruçay və Köndələnçay mədə­niy­yətləri ilə, qərbdən Naxçıvan mədəniyyəti ilə, cənubdan Arazın sağsahil ərazilərindəki zəngin mədəniyyət ocaqları ilə əhatələnməsi Zəngəzurun qədim tarixi keçmişə malik olduğunu söyləməyə əsas verir. Qubadlı, Laçın və Zəngilanda xeyli sayda təbii və süni mağa­raların (yerli sakinlər onları “kaha”, bəzən isə “daran” adlandırır) olması onların hələ paleolit dövründən insanlar tərəfindən məskunlaşdığını təsdiq edir. Bu bölgənin Arazdan sonra ən iri su qaynaqları olan Bərgüşad və Həkərinin axdığı vadilərdə və dağətəyi ərazilərdə bir-birinə yaxın məsafədə yerləşən bu mağaralar özünəməxsus məskən kompleksi təsiri bağışlayır. Azərbaycanda ibtidai insan dü­şər­gələri olan belə mağaralar sonralar əhali tərəfindən müqəddəsləş­diril­ib. Qubadlıdakı “Ağ kaha” və “Qara kaha” mağaraları belə ziyarətgahlar­dandır. Gavur dərəsindəki mağara məbədi bu növ memarlıq abidələrinin IV əsrə qədər istifadə olunduğunu göstərir.

Tədqiqatçılar tərəfindən Sisian ərazisində aşkara çıxarılmış qayaüstü təsvirlər e.ə. III-II minilliklərə aid edilir. Burada əks olunmuş ov səhnələri, maral və atların sxe­matik təsvirləri sakinlərin təsərrüfatında ovçuluğun aparıcı sahə olduğundan xəbər verir. Qubadlı rayonu ərazisində aşkara çıxarılmış “Xırman ye­ri” adlı yaşayış məskəni (Qubadlı qəsəbəsi), Koroğlu qalası (Əliqu­lu­uşağı kəndi), Qalaça (Əliquluuşağı kəndi), Maltəpəsi (Muradxanlı kəndi) Son tunc – İlk dəmir dövrünə aid edilən abidələrdir.

Bu yaşayış yerlərində aşkara çıxarılmış tikililər Xocalı-Gədəbəy mədəniyyəti üçün səciyyəvi­dir. 1989-cu ildə arxeoloq T.R.Əliyev Həkəri çayı üzərində tikilməsi plan­laşdırılan su qovşağının əhatə edəcəyi sahəni nəzərdən ke­çirər­kən, Tunc dövrünə aid  “Maltəpəsi” adlı iri bir yaşayış məskə­ni, bir kur­­qan, orta əsrlərə aid yaşayış yeri, bir cüt qoç heykəli olan qə­bi­ris­tan­lıq qeydə alıb. Həmin səfər zamanı Qubadlı rayonu­nun mər­kə­zində  “Xırman yeri” adlı təpə də nəzərdən keçirilib. Bu nəhəng təpənin üstündə və yamaclarında dəvəgözü (obsidian) parçaları və Tunc dövrü üçün səciyyəvi olan gil qab qırıqları da aşkara çıxarılıb.

Bu axtarış və tapıntılar Son tunc – Erkən dəmir dövründə öyrəndiyimiz bölgədə də eyni maddi mədəniyyətin – Xocalı-Gədəbəy mədəniyyətinin yayıl­dığını təsdiq edir.

Gorus

Rus arxeoloqu A.A.İvanovski Göyçə gölü hövzəsinin qutu qəbirlərindən tapılan kəllə sümüklərinin tədqiqi nəticəsində buranın sakin­lərinin dolixokefal baş quruluşuna malik olduğu qənaətinə gəl­ib.

Azərbaycan elminin inkişafına böyük töhfələr vermiş İ.İ.Meşşaninov və V.M.Sısoyev 1927-ci ildə Laçın rayonu ərazi­sində küp qəbirlərin olduğunu müəyyən ediblər. 1944-cü ilin sent­yabrında Qubadlıya qısamüddətli səfər zamanı arxeoloq İ.Cəfərzadə və memar İ.Şeblıkin Əliquluuşağı kəndinin ətrafında siklopik tipli üç qala aşkara çıxarmışdılar.

1992-ci ildə Zəngilan rayonunun Qurudərə Həştab kəndi yaxınlığında əsgərlər səngər qazarkən içində tunc əşyalar olan qəbir yeri aşkar etmişdilər. Arxeoloq T.R.Əlizadə bu ərazidə tədqiqatlar apararaq e.ə VI-IV əsrə aid quş, ilan başlı bilərzik, muncuq, əqiq, cam və sair tapmışdı.

Haqlı olaraq Azərbaycanın tarixşünaslığının banisi sayıla biləcək alban tarixçisi Musa Kalankaytuklu “Alban tarixi” əsərində Zəngə­zur ərazisini “Sisakan” və “Sünik” adlandırıb. Zəngəzurun ən qədim adının Sünik olması bir çox mənbələrlə əsaslandırılır və bu adın mənasının qədim türk tayfası olan sakların həmin ərazidə yaşaması ilə bağlı olduğu göstərilir.

Bu mahalın yerli əhalisi əsasən türk sakları və onların törəmələridir. Bu fikir Urud kəndində son vaxtlara qədər saxla­nı­lan orta əsr müsəlman qəbiristanlığında qəbir daşlarındakı yazılarda bir daha təsdiqini tapıb.

Görkəmli Sovet şərqşünası – medievisti N.B.Piqulevskayanın topladığı qaynaqlardan məlum olur ki, Suriya tarixçi alimi Zaxari Ritor 555-ci ildə yazırdı:"... Arran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, fars şahının tabeliyində olan hökmdarı vardır. Sisqan (Syuni) həmçinin özünəməxsus dili və dindar xalqı olan diyardır, lakin orada bütpərəstlər də yaşayır”.

18_12_01_1543653400

Zəngəzur ərazisi e.ə. IV əsrdən b.e. VII əsrinə qədər Qafqaz Albaniyası və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Azərbaycanda mövcud olmuş Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin tərkibində olub. XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkib hissəsi olub. XVI əsrin başlanğıcında Azərbaycanda mərkəzləşmiş dövlətin yaranması ilə əlaqədar olaraq Zəngəzur ərazisi də Səfəvi dövlətinin tərkibinə qatılıb. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında Səfəvi imperiyasının zəifləməsi ilə əlaqədar 1590-1612 və 1724-1735-ci illərdə qısa müddət ərzində Osmanlı idarəçiliyi altına düşən Zəngəzur ərazisi xanlıqlar zamanında əsasən Qarabağ xanlığının hakimiyyəti altında olub. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-20-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyətinin qəzalarından biri olub.

Zəngəzurun əhalisi, əsasən, avtoxton Azərbaycan türkləri, rus hakimiyyət orqanlarının 1828-1829-cu illərdə Qacarlar səltənətinin Qaradağ, Gərməli, Xoy və Səlmas bölgələrindən köçürdüyü ermənilər, Sisian mahalının Bazarçay kəndinə gətirilmiş rus təriqətçiləri və Qarabağın alban əhalisinin törəmələrindən ibarət idi.

Zəngəzur qəzasının XIX əsrin sonlarında ərazisi 6 644 verst,  kişi əhalisi 53 072 nəfər, qadın cinsindən olanlar  43 138 nəfər, cəmi əhali  96 min 210 nəfər idi. Qəza mərkəzi Gorusda 1450 nəfər yaşayırdı. 1897-ci il siyahıya alınması nəticələrinə əsasən qəzanın etnik tərkibində müsəlman əhali 51,6%, ermənilər  46,1 %, kürdlər 1,3 % idi. Təsadüfi deyildi ki, XIX əsrin axırlarının rusdilli müəllifləri belə yerli Zəngəzur ermənilərinin, əslində Qarabağın keçmiş alban əhalisinin qalıqlarının danışdıqları “erməni dilinin” qəribəliklərini təəccüblə qeyd edirdilər: XIX əsrin 80-ci illərinin ortalarında Cənubi Qafqazın xəzinə kəndlilərinin iqtisadi məişətini öyrənən müəlliflərdən biri təəccüblə yazırdı: “Zəngəzur qəzasının erməni ləhcələrindən Mehri kəndi sakinlərinin dili diqqəti özünə cəlb edir. Digər yerlərin erməniləri onları, çətin ki, başa düşsünlər. Sırf Qarabağ ləhcəsində danışan Harara və Qaladərəsi kəndlərinin sakinlərinin də dilini başa düşmək çətindir”.

XIX əsrin ortalarında bu bölgədə olmuş və ya onu bu və ya digər şəkildə öyrənmiş müəlliflər Mehri kəndi sakinlərinin yüksək inkişafını, kəndin Avropatipli məişətini, ikimərtəbəli evləri, bazarı, məktəbi və s.-ni xüsusi qeyd edərək yazırdılar ki, onlar da əylislilər kimi, əsasən, ticarət və sənətkarlıqla məşğul olurdular. 1888-ci ildə bu kənddə 4 başmaqçı, 3 zurnaçı, 11 bənna, 7 dəmirçi və çilingər, 2 sınıqçı, 3 inşaatçı, 1 silahsaz, 14 dərzi, 3 zərgər, 13 dülgər, 3 bərbər, 1 aşıq, 10 çəkməçi, 2 sərrac, 31 çuvala, habelə 26 tacir (cəmisi 134 nəfər sənətkar və tacir) fəaliyyət göstərirdi. Azərbaycan türkləri içərisində 19 qışlağa malik sofulular, 11 qışlağı olan dərzililər, 13 qışlağı olan sarallılar, 7 qışlağı olan püsyanlılar və b. iri tərəkəmə camaatları xüsusilə fərqlənirdilər.

Zəngəzurda da Azərbaycan – türk əhalisinin əsas məşğuliyyətləri içərisində köçmə maldarlıq xüsusi, aparıcı yerlərdən birini tuturdu.

Qədim türk boyları içərisində əsrlərlə tarixə malik olan tərəkəmə maldarlığı ənənəsi o qədər güclü idi ki, hətta bir baş mal-qara və ya qoyun-quzusu olmayan ailələr belə elatla birlikdə yaylağa köçür, qışlağa enirdilər. Qəzanın yaşayış məskənləri bu dövrdə, əsasən, kənd, binə və qışlaqlardan ibarət idi. Kəndlilər istifadə etdikləri torpağın mülkiyyət mənsubiyyətinə görə xəzinə və xüsusi sahibkar – bəy kəndlilərinə bölünürdülər.  Qəzanın 16 kəndi həm xəzinə, həm də bəy kəndlilərinin yaşadıqları qarışıq kəndlər idi. Onlardan bir neçəsi “Knyagina Usmiyevanın” – Xurşudbanu Natəvanın ömürlük istifadəsində idi. Belə qarışıq kəndlərdə 594 xəzinə və 816 bəy kəndlisi ailəsi yaşayırdı. Bunlarda müvafiq olaraq 2867 və 5135 nəfər kəndli var idi. 1874-cü ilin xəzinə siyahıyaalınmalarına görə, Zəngəzur qəzasında 168 xəzinə kəndi (120 müsəlman, 42 erməni, 1 rus və 5 qarışıq kənd) var idi. Bundan təxminən 10 il sonra aparılmış dəqiqləşdirmələrə görə isə qəzada 100 müsəlman xəzinə kəndi və onların 57 binəsi, 42 erməni (7 binə), 1 rus və 5 qarışıq (2) xəzinə kəndi var idi. Beləliklə, 148 xəzinə kəndi (66 binə) qəzanın sahələri arasında belə bölünürdü: Mehri sahəsində 25 kənd 4 binə, Qafan sahəsində 38 kənd 17 binə, Zəngəzur sahəsində 62 kənd 44 binə, Sisian sahəsində 23 kənd və 1 binə yerləşirdi.

Bütövlükdə, qəzanın xəzinə torpaqlarındakı bütün yaşayış məskənlərinin (148 kənd, 66 binə və 79 qışlaq) ümumi sayı 293-ə çatırdı ki, onların da 13,31%-i Mehri, 33,90%-i Qafan, 42,44%-i Zəngəzur və 10,35%-i Sisian sahələrində cəmləşmişdi. 1874-1884-cü illər ərzində qəzanın əhalisi 48004 nəfərdən 70015 nəfərə qalxmış, yəni 22011 nəfər və ya az qala 50% artmışdı. Müsəlmanların sayı bu dövrdə 25961 nəfərdən 38722 nəfərə çatmış, yəni təxminən 52%, gəlmə erməni əhalisi 9176 nəfər (təxminən 43%), burada məskunlaşdırılmış ruslar isə 74 nəfər artmışdı ki, bu da təxminən 20 faizlik artım demək idi.

Kənd əhalisinin sosial-sinfi tərkibi son dərəcə rəngarəng idi. Müsəlman kəndlərində 261 bəy ailəsi (1524 nəfər) yaşayırdı. Erməni kəndlərində isə 70 şəxsi zadəgan ailəsi qeydə alınmışdı. Qəzada həmçinin 22 molla və 66 keşiş ailəsi yaşayırdı, 138 xüsusi sahibkar (106 müsəlman, 28 erməni və 4 qarışıq əhalisi olan kənd) var idi. Bu kəndlərdən 4-ü - 1-ci Civcik, Comartlı, Malikpəyəsi və Müsülmanlar kəndləri Xurşudbanu Natəvana məxsus idi. Qəzanın xəzinə kəndlərinin istifadəsində cəmisi 154032,67 desyatin torpaq sahəsi var idi. Torpaqların istifadə istiqamətinə görə bölgü xeyli qeyri-bərabər idi: Bu torpağın - 1135,27 desyatini həyətyanı sahələrin,  1057,02 desyatini bağların, 2448,17 desyatini suvarılan,  65998,92 desyatini isə dəmyə əkinlərin payına düşürdü. Xəzinə kəndlilərinin istifadəsində həmçinin 2917,12 des. biçənəklər və 71730,46 des. otlaq və yararsız sahələr var idi.

Bunlardan başqa qalan torpaqlar mübahisəli ərazilərdən ibarət idi. XIX əsrin sonlarında digər Şimali Azərbaycan qəzaları kimi, Zəngəzur qəzasının da xəzinə kəndlərinin xəzinə meşələrindən pulsuz istifadə normaları müəyyənləşdirilmişdi. Məsələn, 1882-1885-ci illərdə Qubadlı kəndinin sakinləri hər il Kəpəz meşə sahələrindən 740 çəpər dirəyi, 74 tər, 74 atma və 74 kub sajen odun qıra bilərdilər.

Qəzada ticarət də müəyyən qədər inkişaf etmişdi. Bu bölgənin yeganə iri bazarı Bərgüşadçayın qolu olan Gorus çayının sahilində yerləşən Gorus bazarı idi. Bundan başqa, misəritmə zavodları yanında ümumilikdə 123 emalatxana-dükanı olan 3 kiçik bazar fəaliyyət göstərirdi. Bu bazarlarda 130 tacir-sənətkar (54 misgər, 35 xırdavatçı, 10 dəmirçi, 10 baqqal və b.) fəaliyyət göstərirdi. Amma təkcə Gorus bazarında 59 dükan-emalatxanada 77 tacir-sənətkar qeydə alınmışdı. 

Ardı var...