Close

Azərbaycana altı gün rəhbərlik edən qadın - O, günahsız insanların güllələnməsini, sürgünə göndərilməsini qəbul etməyib

1920-ci il aprel işğalından sonra Azərbaycana rəhbərlik edənlərin siyahısı mövcud dövrün nə qədər mürəkkəb və acınacaqlı olduğunu bir daha sübut edir. 1920-1930-cu illərdə Azərbaycana 11 nəfər rəhbərlik edib ki, onların 9 nəfəri qeyri-azərbaycanlı olub: Viktor Naneyşvili, Yelena Stasova, Vladimir Dumbadze, Qriqori Kaminski, Sergey Kirov, Levon Mirzoyan, Nikolay Gikalo, Vladimir Polonskiy, Ruben Rubenov. 10 il ərzində bu vəzifənin adı bir neçə dəfə dəyişib: Mərkəzi Komitə Rəyasət Heyətinin sədri, Mərkəzi Komitənin məsul katibi, Mərkəzi Komitənin birinci katibi.

Azərbaycan kommunistlərinə ən qısa müddətdə  rəhbərlik edən isə Yelena Stasova olub. O, bu vəzifədə cəmi 6 gün işləyib, 1920-ci ilin sentyabrın 9-dan 15-ə qədər.

Kifayət qədər müəmmalı, bir çox qalmaqallı hadisələrdə adı hallanan Stasova 1873-cü ildə Sankt-Peterburqda zadəgan ailəsində anadan olub. Atası mövcud dövrün ən tanınmış vəkillərindən biri sayılıb. Stasova 13 yaşınadək ev təhsili alıb, daha sonra gimnaziyanın 5-ci sinfinə qəbul edilib və bu məktəbi fərqlənmə şəhadətnaməsi  ilə bitirib. O, ilk əmək fəaliyyətinə bazar günü məktəbində rus dili və tarix müəllimi kimi başlayıb.

Stasova çox gənc yaşlarından siyasətə böyük maraq göstərib və bu maraq onu inqilabi proseslərə cəlb edib. O, 20 yaşında olanda Nadejda Krupskaya ilə tanış olub. Bu tanışlıq sonradan yaxın dost münasibətlərinə çevrilib. Məhz Krupskayanın vasitəsi ilə o, tanınmış inqilabçılarla tanış olub, öz tanışlıq dairəsini genişləndirib. 1897-ci ildə Stasova Krupskayanın təşəbbüsü ilə “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə” ittifaqına üzv seçilib. O, bu ittifaqın xətti ilə bir çox şəhərlərdə gizli inqilabi fəaliyyət göstərib.

50fd29ca7e7a4d708f1e029a249c22ab-3_1

Siyasi baxışlarına görə Stasova bir neçə dəfə həbs edilib. Bir müddət İsveçrədə mühacirətdə olduqdan sonra o, Leninin tapşırığı ilə Finlandiyaya keçib. Stasova bu ölkədə bolşeviklərin ən yaxın köməkçisinə çevrilib. Onların sərhəddən keçməsinə, pul və silah təminatına yaxından köməklik göstərib. Elə bu fəaliyyətinə görə də o, növbəti dəfə həbs olunub.

1907-ci ildə həbsdən çıxdıqdan sonra Stasova Leninin göstərişi ilə Tiflisə göndərilib və əsas vəzifəsi partiya təbliğatını gücləndirməkdən ibarət olub. 5 illik Qafqaz fəaliyyəti Stasovanı daha da məşhurlaşdırıb. O, Qafqazda Leninin ən etibarlı silahdaşlarından biri sayılıb.

Stasova 1912-ci ildən siyasi fəaliyyətini Peterburqda davam etdirib. İnqilabi proseslərin mərkəzində olan siyasətçi qadın növbəti dəfə həbsxana həyatına göndərilib. Yalnız fevral inqilabından sonra onun azadlığa çıxmağı mümkün olub.

1917-1920-ci illərdə Stasova Mərkəzi Komitədə təşkilat bürosunun katibi, Petroqrad Partiya Komitəsinin katibi və bir sıra ictimai vəzifələrdə çalışıb.

1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib. Sentyabrın 9-dan 15-dək o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb (sonralar bu vəzifənin adı birinci katib olub).

Stasovanın Azərbaycana cəmisi 6 gün rəhbərlik etməsi bu günə qədər də suallar doğurur. Rəsmi versiyaya görə onun Azərbaycandan geri çağrılması başqa işə keçməsi ilə izah edilib. Qeyri-rəsmi versiyalara görə isə Stasovanın Azərbaycana rəhbərliyi Stalini qane etməyib. Digər bir versiyaya görə isə Stasovanın mərkəzdə olması daha vacib sayılıb.

Stasovaandlenin-cropped

Stasova ilə bağlı maraqlı faktlardan biri odur ki, o, Stalinin “Böyük təmizlik” siyasətini açıq şəkildə tənqid edib, günahsız insanların güllələnməsini, sürgünə göndərilmiəsini böyük ədalətsizlik sayıb. Amma siyasətçi qadın bu tənqidlərinə görə  Stalinin repressiya siyahısına düşməyib. Bəzi araşdırmaçıların qənaətinə görə Stalinlə Stasovanın arasında heç kimə məlum olmayan bir münasibət hökm sürüb. Sovet lideri onu tənqid edən bir qadını həmişə ətrafında görmək istəyib. Elə Stasovnın Azərbaycandan geri çağrılmasının səbəblərindən biri də yəqin ki, bu münasibət olub.

Bütün bunlarla yanaşı 1946-cı ilə qədər Mərkəzi Komitədə müxtəlif vəzifələrdə işləyən, bir sıra ictimai təşkilatlara rəhbərlik edən Stasova Stalin hakimiyyəti illərində xüsusi imtiyaz və güzəştlərə malik olub. 5 dəfə “Lenin” ordeni və Sosialist Əməyi qəhrəmanı adı ilə təltif olunan Stasovaya mötəbər dövlət tədbirlərində fəxri kürsüdə yer göstərilib.

thumbnail

Stasova haqqında müəmmalı fikirlərdən biri də Nadejda Krupskaya ilə bağlıdır. Söylənilənlərə görə Stasova Krupskayanın Stalinə qarşı mübarizəsini neytrallaşdıra bilib. Hətta o, Krupskayanın Stalin haqqında yazdığı tənqidi yazını “Pravda” qəzetindən geri götürməyə də nail olub.

Ömrünün son illərində memuarlarını yazan Stasova 1966-cı ildə 93 yaşında vəfat edib. Leninin sədaqətli, Stalinin müəmmalı silahdaşına Leonid  Brejnev də həssaslıqla yanaşıb. Məhz Brejnevin razılığı ilə Yelena Stasova Qızıl meydanda dəfn edilib, onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib.(musavat.com)