Close

Qəzza zolağında yenicə tapılan 2 min yaşlı Roma nekropolundan qədim lövhə oğurlanıb

Qəzza zolağında qədim Roma dövrünə aid qəbiristanlıq aşkar edilib.

TNS xəbər verir ki, bu barədə “Safa” Agentliyi məlumat yayıb.

Məlumata görə, qədim xarabalıqlar Misir şirkətləri tərəfindən sektorun şimal-qərbində Beyt-Lahiya şəhəri yaxınlığında yaşayış massivinin tikintisi zamanı tapılıb. Qazıntı yerindən və qəbirlərdən tapılan artefaktlar mütəxəssislər tərəfindən götürülüb. Əlavə arxeoloji tədqiqatların aparılması məqsədilə tarixi ərazidə tikinti işləri dayandırılıb. Arxeoloji tapıntıların tədqiqi, onların yaşının və tarixi dəyərinin müəyyən edilməsi üçün ixtisaslaşmış komissiya yaradılıb.

Əslində qədim nekropol bir neçə həftə əvvəl yerli sakinlər tərəfindən aşkar edilib. Nəticədə qəbirlərin birindən çoxlu sayda qiymətli əşyalar, o cümlədən saxsı məmulatları, həmçinin lövhə oğurlanıb. Arxeoloqların sözlərinə görə, daşlar öz tarixi yerlərindən köçürülüb, bunun nəticəsində qədim qəbiristanlığın simvolları təhrif edilib və ya tamamilə yox olub.

Ekspertlərin fikrincə, nekropolun yaşı təqribən iki min ildir. Burada mütəxəssislərin “püstə” adlandırdıqları qəbirlər də var. Bu, insanların qrup halında basdırıldığı böyük qəbirlərdir. Belə bir ənənə antik dövrdə kifayət qədər geniş yayılmışdı.

Misir dövləti Fələstinlə İsrail arasında əldə edilən atəşkəsdən sonra bərpa işləri aparmaq üçün Qəzza zolağına mühəndislər qrupu, xüsusi texnika və tikinti materialları göndərib.