Close

Beş nazirliyə rəhbərlik edən ilk xarici işlər naziri - Bolşeviklərin tərəfinə keçdi, həbsxanada özünü asdı

May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.  Xalq Cümhuriyyətinin qurucuları bugünkü müstəqil dövlətçiliyimizin təməlinin qoyulmasında misilsiz xidmətlər göstəriblər. 

TNS Cümhuriyyətimizin qurucuları ilə bağlı ilə bağlı silsilə yazıları davam etdirir.

Növbəti yazı Məmmədhəsən Hacınski barədədir.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il mart ayının 3-də Bakı şəhərində anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı Neftayırma Zavodunda mühəndis işləyib.

Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı Şəhər İdarəsində tikinti şöbəsinə başçılıq edib, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərib, şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirib. 1909-1910-cu illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılıb) və dəniz hamamının tikilməsi Hacınskinin fəaliyyəti ilə bağlıdır. O, şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınıb. 1912-ci ildə şəhər idarəsi Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında kitab buraxıb. M. Hacınski 1913-cü ildə qısa müddət Bakı Şəhər İdarəsinin rəisi olub, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürüb. Həmin təşəbbüsə əsasən, 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar.

Hacınski 1902-1917-ci illərdə Bakı şəhər dumasının üzvü olub və onun bir çox iclaslarına sədrlik edib. O, 1904-cü ildə "Hümmət" Sosial-Demokrat Təşkilatını yaradanlardan biridir. Hacınski, eyni zamanda, "Nəşri-maarif" Cəmiyyətinin (1906) yaradılmasının təşəbbüsçülərindən biri, həmçinin "Nicat" Cəmiyyəti İdarə Heyətinin, "Müsəlman Xeyriyyə Cəmiyyəti" Mərkəzi Komitəsinin üzvü olub. Hacınski "Müsavat" Partiyasının ilk üzvlərindən idi.

1917-1920-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olub. 1917-ci il martın 5-də təşkil edilən Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil idi. Hacınski martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilib. 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Bakı Qurultayında iştirak edib. O, qurultayı açıb və onun Rəyasət Heyətinə seçilib.

Həmin ilin mayında Hacınski Rusiya müsəlmanlarının Moskvada keçirilmiş qurultayında da fəal iştirak etmişdi. Hacınski "Müsavat" Partiyasının birinci qurultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdi. 1917-ci il noyabrın 15-də yaradılmış Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarının müavini vəzifəsində çalışıb. Rusiya Müəssislər Məclisinə üzv seçilmiş Hacınski Zaqafqaziya seymi təşkil edildikdə "Müsavat" Partiyasından bu qurumun üzvü olub. Seymdə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil idi. Trabzon konfransında (1918) iştirak edib, konfransda Zaqafqaziya seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxıb, bu qərarı sülhü pozmağa yönəldilmiş cəhd kimi qiymətləndirib və bu qərarı "beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat" adlandırıb. A.Çxenkeli Hacınskinin məsləhətilə danışıqları tamamilə kəsməmiş, nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən, Hacınski Trabzonda qalmışdı. Hacınski Trabzonda Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparmışdı. Osmanlı dövlətinin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Hacınskinin mühüm rolu olub.

Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra edib. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndəsindən biri olan Hacınski Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil edib. ZDFR-in süqutundan sonra (1918, 26 may) Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsi təşkil olunarkən, Batumda olmasına baxmayaraq, Hacınski Azərbaycanın ilk xarici işlər naziri təyin edilmişdi. O, Osmanlı dövləti Xarici İşlər Nazirliyindən Azərbaycanın müstəqilliyinin Rusiya və Avropa ölkələri tərəfindən tanınmasında vasitəçi olmasını xahiş etmişdi. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini (Batum müqavilələri (1918) Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə ilə birlikdə Hacınski imzalayıb. Müqavilənin 4-cü bəndinə əsaslanan Rəsulzadə və Hacınski Osmanlı dövlətindən erməni-daşnak soyqırımlarına məruz qalan Azərbaycana hərbi yardım üçün müraciət etmişdilər. Osmanlı dövləti ilə Bakı-Batum neft kəmərinin istismarına dair, Cənubi Qafqaz dəmir yollarından istifadə haqqında sazişlər də imzalanmışdı. Hacınski 1918-ci il iyunun 14-də Gürcüstan Respublikası hökumətinə etiraz notası göndərib, gürcü qoşunlarının Borçalı qəzası hüdudlarından dərhal çıxarılmasını tələb etmişdi. Hacınski Cənubi Qafqaz respublikaları arasında sərhədlərin dəqiqləşdirilməsi üçün müştərək komissiyalar yaratmaq təklifi ilə Gürcüstan və Ermənistan respublikaları hökumətlərinə müraciət etmişdi. O, iyulun 15-də hökumət başçısı Fətəli xan Xoyskiyə müraciət edərək, ermənilərin dinc türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımlarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyası yaradılmasının zəruri olduğunu bildirmişdi. Hacınski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə ilə müntəzəm rəsmi əlaqə saxlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət Kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, Nəzarət Nazirliyinə rəhbərlik edib, 6 oktyabrdan isə maliyyə naziri olub. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalayıb. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc verilib. O, 3-cü Hökumət Kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu. Hacınski Azərbaycan Parlamentinin üzvü olub. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransında (1919-20) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı Ə.Topçubaşovla birlikdə ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat verib. 1919-cu il sentyabrın 16-da Parisdə ABŞ vətəndaşı M.Robinovun Azərbaycan nümayəndə heyətinin maliyyə müşaviri təyin edilməsi haqqında Ə.Topçubaşovla birlikdə saziş imzalayıb.

Hacınski Parisdə də Azərbaycan Xalq Cümhuriyyəti və Dağlılar Respublikası arasında ikitərəfli sazişin hazırlanmasında iştirak edib. Azərbaycana qayıdan Hacınski 1919-cu ilin noyabrında Baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə gedib, noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasında iştirak edib. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə edib, iri ingilis və amerikan cəmiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün çox mühüm və sərfəli olan iqtisadi müqavilələrin layihələrini gətirdiyini bildirib.

Hacınski Dövlət Müdafiə Komitəsinin 1919-cu il 9 dekabr tarixli qərarı ilə Fətəli xan Xoyski və Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək hökumət nümayəndə heyətinə daxil edilib. Konfransda (1919, 14-21 dekabr) çıxış edən Hacınski bildirib ki, Azərbaycan və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin yaranmasına əsas maneə mübahisəli ərazilər məsələsidir. Qafqaz respublikaları müstəqil dövlət kimi ittifaqda - konfederasiyada birləşsələr, bu mübahisəli məsələlər öz-özünə həll ediləcəkdir. Hacınski "Müsavat" Partiyasının 2-ci qurultayında (1919, 2-11 dekabr) partiyanın siyasi komissiyasının və MK üzvü seçilib. Dekabrın 24-də N.Yusifbəylinin yeni Hökumət Kabinəsində Hacınski daxili işlər naziri, 1920-ci il fervalın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutub.

1920-ci il fevralın 5-də Hacınski yollar naziri Xudadat bəy Məlik-Aslanovla Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında sərbəst yük daşınması haqqında tranzit müqaviləsi və ona əlavə saziş imzalayıb. 1920-ci il martın 30-da Hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni hökumətin təşkilini Hacınskiyə tapşırıb. O, bir müddət Parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar aparıb, hətta bolşeviklərlə də görüşüb və onlara öz hökumətində nazir vəzifələri də təklif edib. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını Parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirib, həmçinin "Müsavat" Partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli bir zamanda Hacınskinin lənglik göstərərək hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirib. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak edib. 1920-ci il mətbuatında Hacınskinin Azərbaycanın tikinti-quruculuq işlərinə dair məqalələri dərc edilib.

Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi, Hacınski də repressiyaya məruz qalıb. L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunub. Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, "özünü asmaqla" 1931-ci il, fevral ayının 9-da intihar edib.

Məhəmmədhəsən Hacınskinin Cümhuriyyətimizin qurulmasındakı xidmətləri heç vaxt unudulmayacaqdır.

Yazı AMEA-nın Tarix İnstitutunun internet saytında yerləşdirilmiş materiallar əsasında hazırlanıb.