Close

Ermənilərin müasir tarixinin dərk edilməsi üçün onun ilkin dövrünün yeni rakursdan araşdırılması zəruridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:  “…ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu, tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar”.

AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bununla bağlı fikirlərini bölüşüb.

O bildirib ki, Prezident İlham Əliyev öz nitq və çıxışlarında, adətən olduğu kimi, bu dəfə də yüksək dövlətçilik təcrübəsi və tarixi təfəkkürdən irəli gələn məharəti ilə xüsusi məsələdən böyük elmi problemin irəli sürülməsinə keçid və onun həlli üzrə vəzifələr müəyyən edilməsinə dair mühüm təşəbbüsün müəllifi oldu: “Buradan aydın olur ki, dövlət başçısı faktiki olaraq, hay və Hayastan məsələsindən respublikada ermənişünaslığın müasir vəziyyəti, onun əsas problemləri və daha da inkişaf etdirilməsi məsələsini gündəmə gətirir. Azərbaycan tarixinin ən mühüm dövrlərində təcavüzkar fəaliyyəti ilə ölkəmiz və xalqımız üçün real təhlükə mənbəyi olan ermənilərin və Ermənistanın həyatının bütün sahələrinin hərtərəfli öyrənilməsi məsələsi 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb”.

Professor deyib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlara səfərləri zamanı, ermənilərin burada törətdiyi real vəziyyətə uyğun olaraq, erməni vandalizmi və faşizmi haqqında əsaslandırılmış fikirləri ilə müasir ermənişünaslıq üçün yeni elmi istiqamətlər müəyyən edib. Bunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycanda erməni və ya Ermənistanın müxtəlif yönlərdən (tarixi, hərbi və s.) öyrənilməsi sahəsində müəyyən işlər görülməsinə baxmayaraq, Azərbaycan ermənişünaslığının inkişaf etdirilməsi və xüsusi elmi sahə kimi qarşıda duran suallara tutarlı cavab verməsinin təmin edilməsinə böyük ehtiyac var.

Prezident İlham Əliyevin dərin məzmunlu nitqinin bu yerində tətbiq etdiyi üsul da çox diqqətəlayiqdir və onun ermənilərin özlərini hay, ərazini Hayastan adlandırdıqları halda, ingilis və rus dilində Armenia adlandırılmasının səbəbləri haqqında fikirləri mühüm maraq mənbəyi olaraq qalır.

Tarixçi alim diqqətə çatdırıb ki, yunan müəlliflərinə görə, ermənilər Balkan əsilli friqlər (frakiyalılar) olub, miqrasiya yolu ilə Kiçik Asiyaya gəliblər: “Ermənilər isə özlərini Kiçik Asiyanın yerli əhalisi kimi sübut etmək üçün, Hay və onun nəsli haqqında miflər yaradıblar. Erməni müəllifləri “Hayasa” adlı ölkəni də bununla bağlayır. Erməni akademik Qriqori Kapantsyan (1887-1957) 1947-ci ildə “Hayasa-ermənilərin beşiyi. Ermənilərin etnogenezi və onların ilkin tarixi” kitabını (rus dilində) da yazıb. Lakin hayların ermənilərə necə çevrilməsi sualına elmi cavab verə bilməyib. Belə olduqda, hayların əsl taleyi necə olub, o da məlum olmur. Ona görə də, əsas mülahizə ondan ibarətdir ki, Balkanlardan miqrasiya edən friqlər Kiçik Asiyada Armenia adlı ərazidə yerləşib, onun coğrafi və əhalisinin etnik adını, həmçinin irsini qəbul edib. Bu adla tarixi ədəbiyyata və siyasi leksikona daxil olub. Beləliklə, ermənilərin müasir tarixinin dərk edilməsi üçün onun ilkin dövrünün yeni rakursdan araşdırılması zərurəti bir daha təsdiq olunur və problemin bu şəkildə qoyuluşu və həllində məhz Azərbaycan ermənişünaslığı üzərinə böyük iş düşür”.