Close

Yadplanetlilərin təsvirlərinə bənzəyən qədim arxeoloji abidələr aşkar edilib

Arxeoloqlar Səudiyyə Ərəbistanında 4500 illik yaşı olan “dəfn xiyabanları” aşkar ediblər.

TNS “Daily Mail”ə istinadən xəbər verir ki, Qərbi Avstraliya Universitetinin alimləri tərəfindən aparılan arxeoloji araşdırmalar zamanı aşkar edilən geniş şəbəkəyə malik "dəfn xiyabanları" Tunc dövrünə aiddir. Avstraliyalı alimlər son bir il ərzində geniş miqyaslı araşdırmalar zamanı Əl-Ula və Xeybər vahələrinin ərazisini skan edərək aerofotoqrafiya aparıblar. Əldə olunan peyk şəkilləri tədqiq edilib və qazıntılara başlanılıb.

Nəticədə “dəfn xiyabanları”nın yüz, hətta min kilometrlərlə ərazini əhatə etdiyi müəyyən olunub. Arxeoloqlar burada 18 minə yaxın qəbir aşkar ediblər. Qəbirlərdə e.ə. III minilliyə aid insan qalıqları da tapılıb.

Onlardan bəziləri zəncirə bərkidilmiş zinət əşyalarının detallarına bənzədiyindən, “asma”lar adlandırılır. Yuxarıdan çəkilmiş şəkillərə baxdıqda, bu qəbirlərin nida işarələrini, hətta yadplanetli fiqurlarını xatırlatdığını görmək mümkündür.

Tədqiqatın aparıcı müəllifi doktor Metyu Daltonun sözlərinə görə, bunlar vahələri, otlaqları və dəfnləri birləşdirən xüsusi dəhlizlərdir. Bu ərazilərdə yaşayan insanlar qədim tikililərin miqyasından xəbərsiz olublar. Təxminən, 5000 il əvvəl “dəfn xiyabanları” əsas yol şəbəkəsi kimi xidmət göstərib. Bu isə, sözügedən ərazilərdə yaşayan insanların sosial və iqtisadi cəhətdən əvvəllər düşünüldüyündən daha çox inkişaf etdiklərini göstərən faktorlardan biridir.

Tədqiqatçılar hesab edirlər ki, sonrakı arxeoloji qazıntılar və qalıqların təhlili bu qədim cəmiyyət və onun adət-ənənələri haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.