Close

19:53
24 Aprel 2024

TNS yazdı, elmi institut operativ reaksiya verdi: “Faxralıda tədqiqat işləri aparılacaq”

"Bu ilin may-iyun aylarında Goranboy rayonunun Faxralı kəndində tədqiqat işlərinin aparılması nəzərdə tutulub".

Bunu TNS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Alim bildirib ki, institut orada qədim tarixi yerlərin olduğundan xəbərdardır: “Faxralı kəndinin qəbiristanlıqları onun qədim tarixinin ən bariz göstəriciləridir. Orada tarixən bir neçə qəbiristanlıq olub. Onlardan ən qədimləri ötən gün saytınızda dərc olunan məqalədə də qeyd olunduğu kimi, “Bağ yeri”, “Qaramanlı”, “Əyriarx” adlanan ərazilərdə aşkar edilmiş küp qəbirlərdir. Bu qəbirlər indiyədək tədqiq olunmayıb. Bildirmək istəyirəm ki, Azərbaycanın müxtəlif bölgələrində belə tarixi yerlər, hələ tədqiq olunmayan abidələr çoxdur. Zamanla onları tədqiqata cəlb edəcək, tariximizin öyrənilməmiş səhifələrini ortaya çıxaracağıq”.

Xatırladaq ki, ötən gün TNS-də “AMEA alimlərinin başı intriqalara qarışmamalıdır – Faxralı öz tədqiqatçılarını gözləyir” adlı məqalə dərc olunub. Məqalədə Goranboy rayonunun Faxralı kəndindəki tədqiq olunmayan tarixi yerlər, abidələr barədə məlumat verilib.