Close

AMEA alimlərinin başı intriqalara qarışmamalıdır – Faxralı öz tədqiqatçılarını gözləyir

Faxralı kəndi Goranboy rayonunun iri yaşayış məntəqələrindən biridir. Bu kənd Boz dağın ətəklərində, Gəncə-Qazax düzənliyində yerləşir.

Faxralı tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən ərazidir, Kür çayı boyunca formalaşmış maddi-mədəniyyət, sənətkarlıq tarixinin mühüm bir səhifəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişlərindən öncə aparılan qazıntılar nəticəsində kənddən 400 metr şimal-şərqdə, dəniz səviyyəsindən 187 metr yüksəklikdəki arxeoloji sahədə maraqlı maddi-mədəniyyət nümunələri aşkar edilib. Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun məlumatına əsasən, Faxralı yaşayış yeri IX-XII əsrlərə aiddir. Aşkar edilmiş nümunələr – təndir və kürə qalıqları, daş alətlər, şüşə əşyalar, metal məmulatlar, təsərrüfat qalıqları və s. burada kənd tipli yaşayış yerinin mövcudluğundan, əhalinin əsas məşğuliyyət sahələrinin heyvandarlıq və əkinçilik olduğundan xəbər verir. Alimin sözlərinə görə, bir mədəni təbəqədən ibarət olan yaşayış yerində dəmir ərintisi kütlələri, istehsal tullantıları, bütöv halda tapılmış metal əşyalar burada dəmirçilik sənətinin inkişafını göstərir. Arxeoloji nümunələr X-XII əsrlərdə inkişaf etmiş Gəncə sənətkarılığının təsirinin sübutudur. Əldə olunmuş nümunələrin bəzilərinin yerli istehsalın məhsulu olmadığı, əraziyə artıq şəhər kimi formalaşmış Gəncədən gətirildiyi ehtimal olunur. Təhlillər zamanı bəzi keramika məmulatlarının, hətta XIII əsrə aid olduğu, saxsı qabların isə Bakı, Gəncə, Beyləqan, Qəbələ, Şamaxı ərazilərindən tapılmış materiallarla oxşarlığı müəyyən olunub. Bu ərazidən tapılmış arxeoloji nümunələrin Faxralı yaşayış məskəninin ilk yadigarları kimi deyil, tarixinin müəyyən bir mərhələsinin qalıqları olması ehtimalı da irəli sürülüb.

Ancaq Faxralının hələ araşdırılmalı, tədqiq olunmalı çox tarixi yerləri vardır. Təəssüf ki, başı intiriqalara qarışmış Azərbaycan Milli  Elmlər Akademiyasının alimləri bu qədim tariximizi araşdırıb dolğun elmi fikir orta qoymayıblar.

Faxralı kəndinin qəbiristanlıqları onun qədim tarixinin ən bariz göstəriciləridir. Kəndin yaşlı sakinləri deyir ki, burada tarixən bir neçə qəbiristanlıq olub. Onlardan ən qədimləri “Bağ yeri”, “Qaramanlı”, “Əyriarx” adlanan ərazilərdə aşkar edilmiş küp qəbirlərdir. Bu qəbirlər tədqiq olunmayıb, uçulub dağılıb, ərazi əhali tərəfindən bağçılıq və əkinçilik məqsədləri üçün istifadə edilib.

0340083d-8174-4513-ae84-dfb7c30b241f_1

İkinci qəbiristanlıq kəndin mərkəzində, yaşlı sakinlərin dediyinə görə, vaxtilə mövcud olmuş məscidin ətrafında yerləşib. Sovet hakimiyyəti qurulduqdan sonra məscidin fəaliyyətinə qadağa qoyulub, ətrafdakı qəbirlər dağıdılıb, bu ərazilər həyətyanı sahələr kimi əhaliyə verilib.

Üçüncü qəbiristanlıq isə, “Namaz yeri” adlanan ərazidə yerləşən, o qədər də böyük olmayan, əhalisi çox olan kəndin əsas qəbiristanlığına yardımçı sahə kimi yaradılan, iki əsrlik tarixi olan qəbiristanlıqdır.

a4494746-d0f4-4e82-8ceb-652502a91cee

Dördüncü - kəndin etnoqrafik mənzərəsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edən qədim qəbiristanlıq isə, haqqında danışlanlardan fərqli olaraq, kənddən 3.5 km məsafədə yerləşir. Camaatın bildirdiyinə görə, bu “əsas qəbiristanlıq”dır. Qəbiristanlığın indiki kənd ərazisindən bu qədər uzaq məsafədə salınmasını dini qarşıdurmalar zamanı faxralıların müvəqqəti olaraq öz yaşayış yerlərini tərk etmələri, bu qəbiristanlığa yaxın ərazilərdə məskunlaşmaları ilə əlaqələndirirlər. Burada tarixi XV-XVI əsrlərdən başlayan, tarixi dövrlərin memorial ənənələrini əks etdirən çoxlu sayda qəbirlərə rast gəlinir. Qəbir daşları üzərində əks olunmuş təsvirlərdən burada dəfn olunmuş şəxslərin hansı peşə-sənət sahibi olduqları haqqında məlumat almaq olar. Qəbirüstü təsvirlərdən burada dulusçuların, kərpickəsənlərin, dabbağların, başmaqçıların, dülgərlərin, dərzilərin, papaqçıların, nalbəndlərin, xalçaçıların, yəhər ustalarının, ovçuların, çobanların, din xadimlərinin və digərlərinin dəfn olunduğunu müəyənləşdirmək mümkündür. Bunlar Faxralı kəndinin əhali tarixinin, peşə-sənət tarixinin öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edən tarixi abidələrdir. Onların tədqiqi müvafiq tarixi mərhələlər üzrə ümumilikdə Gəncəbasar bölgəsinin sənətkarlıq tarixinin öyrənilməsi üçün faktoloji mənbə rolunu oynaya bilər.

93f8b66f-ea0d-4d4d-8d74-6904c246aa2e

Burada üzərində milli geyimli, silahlı kişi, at, yəhər, qamçı, patrondaşı, daraq təsvirləri olan başdaşılarının çoxluğu diqqəti cəlb edir. Bəzilərinin üzərində sadalanan bu detallarla yanaşı, it və quş təsvrlərinə də rast gəlmək olur ki, bu da həmin qəbirlərin ovçulara aid olduğunu göstərir. Lakin haqqında bəhs olunan bu qəbirlərin döyüşçü qəbirləri olduğu şübhə doğurmur. Əhali Gəncəbasarın əfsanəvi qəhrəmanı Qaçaq Camalın dəstəsindən olan döyüşçülərin bu qəbiristanlıqda dəfn olunduğunu deyir.  Qoçaqlığı və mərdliyi ilə böyük ad-san qazanmış Qaçaq Camal - Camal Usub oğlu Hacıyev 1883-cü ildə Faxralıda anadan olub. Qaçaq Nəbi, Qaçaq Məmmədqasım, Teymur Quliyev kimi qaçaqlarla dostluq edib. 1931-ci ildə aldığı güllə yarasından vəfat edib.

3a83122e-2d0f-493e-af75-8c8fa29a2c66

Faxralıların ziyarətgahlarından biri olan “Qara daş” da bu qəbiristanlıqdadır. Səpələnmiş daş parçaları tarixi bilinməyən bu ziyarətgahın ətrafında vaxtilə türbə olduğunu göstərir. Yaxınlığında kəndin Fəzeyilli nəslindən olan Şıx Məhəmməd adlı bir ruhani dəfn olunub. Bunlardan əlavə, kəndin “Çəkillik” adlanan ərazisində vaxtilə uşaq qəbiristanlığı, ayrı-ayrı vaxtlarda kəndə köçmüş müxtəlif xalqlardan olan şəxslərin dəfn olunduğu qəbiristanlıq haqqında da məlumatlar vardır.   

Tarixi-etnoqrafik materiallar Faxralı kəndinin Gəncəbasarın qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Faxaralının qədim tarixini araşdırmaq üçün burada tədqiqatlar aparılmalıdır. İnanırıq ki, Faxralı kəndinin ərazisindəki abidələr, qəbiristanlıqlar araşdırlsa, qədim tariximizlə bağlı mühüm elmi faktlar üzə çıxarılacaqdır. Arzu edirik ki, AMEA-nın alimlərinin başı intiriqalara deyil, belə qədim tariximizin  tədqiq olunmasına qarışsın.

TNS